14:27 28-10-2020
news_image
110
FUTBOL

"Türkiyədə özümüzü evdə hiss edirik" - Qurban Qurbanov

“Sadam ki, sizlərin önündəyəm. Baxmayaraq ki, Bakıda oynamalı olduğumuz matçı Türkiyədə keçirəcəyik. Hər bir halda mən sevincliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Vilyarreal”la (İspaniya) görüşü öncəsi mətbuat konfransı keçirilib. Qurbanov sabah İstanbulda baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb: “Yaxşı, kifayət qədər təcrübəli bir komanda ilə qarşılaşacağıq. Yaxşı məşqçiləri var. Hər bir halda düzgün oyun qurmaq, maksimum gözəl oyun nümayiş etdirmək istəyirik”.

Mütəxəssis İstanbulda Dağlıq Qarabağdakı hadisələr barədə də danışıb: “Çətin durumdur. Bu gün futbolla siyasət bir-birinə qarışıb. Hər bir Azərbaycan vətəndaşının üzərinə öz vəzifəsi düşür. “Qarabağ” klubu olaraq biz də bunu doğrultmağa çalışırıq. Ürəyimiz sərhəddə əsgərlərin yanında olsa da, yenə də işimizi layiqincə görməyə çalışırıq. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizim üçün böyük üstünlükdür. Amma inanıram ki, tezliklə torpaqlarımız geri qayıdacaq”.

Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: Pandemiyadan sonra komandanı eyni səviyyədə saxlamaq çətindir. “Makkabi” ilə görüş də asan olmadı, bəzi çatışmazlıqlar yaşandı. Xeyli sayda zədəlılərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik. Amma İsrail klubuna qarşı da pis oynamadıq. Çalışacağıq ki, həmin görüşdəki səhvləri təkrarlamayaq. “Vilyarreal”la matçdan sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.

Qrupdakı Türkiyə təmsilçisi “Sivasspor” barədə də fikirlərini açıqlayıb: “Vilyarreal” – “Sivasspor” matçını izlədim. Gözəl oyun oldu. Tamaşaçılar üçün də çox sayda qol vuruldu. Hər komanda öz oyununu analiz edir. “Sivasspor” asan qol buraxan komanda deyil. Qol vurmağı bacaran komandadır”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.