10:18 30-10-2020
news_image
550
FUTBOL

İlk məğlubiyyət, 90 ilin rekordu və ... - avrokuboklarda

Avropa Liqasının qrup mərhələsinin II turu bir sıra maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Milan” son 90 ilin rekordunu vurub.

“Sparta” üzərində 3:0 hesablı qələbə qazanan İtaliya təmsilçisi ardıcıl 12-ci oyunda iki və ya daha çox qol sevinci yaşayıb. Milanlılar sonuncu belə uğura 1929/30 mövsümündə imza atmışdı. 

Məğlubiyyətsiz oyunlar seriyasını 23-ə çatdıran rossonyeri martda “Cenoa”ya uduzandan sonra 17 qələbə qazanıb və 6 heç-heçə edib. “Milan” avrokubokların tarixinə düşüb. İtaliya təmsilçisinin 21 yaşadək üç futbolçusu eyni matçda qol sevinci yaşayıb ki, bunadək belə hadisə yaşanmayıb. Bunlar Braima Dias, Rafael Leau və Dioqo Dalotdur.

“Real Sosyedad”a 1:0 hesabı ilə qalib gələn “Napoli” topa cəmi 34 faiz sahib olub. Neapollular son 5 ildə ilk dəfə bunu bacarıb.

“Standard”ın qapısından üç cavabsız top keçirən “Benfika” Avropa Liqasında heç vaxt evdə uduzmayıb. Portuqaliyalıların məğlubiyyətsiz seriyası 23 matça çatıb: 19 qələbə, 4 heç-heçə. Bu, 2009-cu ildən indiki adla keçirilən turnirin mütləq rekordudur.

“Reyncers”in futbolçusu Alfredo Morelos “Lex” üzərində 1:0 hesablı qələbənin memarı olub. Yeganə qolun müəllifi Şotlandiya klubunun tarixinə düşüb. 36 avrokubok matçında 21 qol vuran kolumbiyalı Alli Makkoystun rekordunu təkrarlayıb.

“Tottenhem” cari mövsüm avrokuboklarda uduzan ilk İngiltərə klubu olub. “Antverpen”lə səfər matçındakı 0:1-ə qədər bu ölkənin heç bir komandası yenilməmişdi. 14 oyun keçirən futbolun yaradıcılarının 12 qələbəsi və 1 heç-heçəsi var.

Bu qarşılaşmada “Tottenhem”in də məğlubiyyətsiz seriyası qırılıb. “Everton”a Premyer Liqanın ilk turundakı 0:1 hesablı məğlubiyyətdən sonra komanda ardıcıl 10 görüşdə uduzmayıb.

“Dandolk”u 3:0 hesabı ilə məğlub edən “Arsenal” son 4 ayda ilk dəfə ev oyununda qol buraxmayıb. Son 6 qarşılaşmada qapısında qol görən London təmsilçisi sonuncu dəfə iyulun 1-də doğma meydanda quru oyun keçirib.

Bu oyunda uduzan “Dandolk” da tarixə düşüb. İrlandiya klubu Avropa Liqası tarixinə bir matçda qayda pozuntusuna yol verməyən ilk komanda kimi düşüb.