19:02 31-10-2020
news_image
133
FUTBOL

“Mənə sərt reaksiya az verməyiblər” – Rəşad Sadıqov

“Komandamdan daha çox şey gözləyirdim. Mübarizə əsasən mərkəzdə, bərabər səviyyədə getdi. Çox da baxımlı futbolun şahid olmadıq. Daha yaxşı oynamağa potensialımız var”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VIII turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

Qolsuz bərabərə başa çatan görüşdən sonrakı mətbuat konfransında fikirlərini bölüşən 38 yaşlı mütəxəssis oyunçulara qarşı sərt reaksiya göstərməsinə aydınlıq gətirib: “Mənə belə sərt reaksiya az verməyiblər. Bir çox məşqçilər futbolçularından tələb edirlər. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Özüm də futbol oynadığımız vaxtda danışan, tələbkar olmuşam, reaksiya göstərmişəm”.

Sadıqov son 3 oyunda qol vurmaqda çətinlik çəkdiklərini vurğulayıb: “Bu müddətdə cəmi 1 qol vurmuşuq. Qol epizodu yaratmaqda çətinlik çəkirik. Rəqiblərimiz də bizi təhlil edir. “Səbail” yaxşı müdafiə olunurdu. Hücumçu asılı mövqedir, ona şərait yaratmaq lazımdır”.