19:25 31-10-2020
news_image
137
FUTBOL

“Millidə belə oyunçuya ehtiyac var” – Aftandil Hacıyev

“Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyasını dəyişənlərinə Allahdan rəhmət diləyirəm. İnanırıq ki, torpaqlarımızı yaxın günlərdə tam qaytaracaqlar. Ordumuza qüvvət diləyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” ilə keçirilən səfər oyununu dəyərləndirərkən deyib.

39 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan görüşdən sonra mətbuat konfransında fikirlərini bölüşüb: “Bilirdik ki, sintetik qazondan sonra təbii ota keçmək çətin olacaq. Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra rəqib üstünlüyü əldə etməyi bacardı. Nizam-intizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynayırdıq. Hər görüş çətin keçir, hər kəs bir-birindən xal ala bilər. Çalışacağıq ki, bu mübarizədən qopmayaq. Getdikcə oyunumuzun yaxşılaşması yuxarı pilləyə qalxacağımıza ümid yaradır. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz dəqiq oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm”.

- 4 oyunda 6 xal çox yaxşdır, yoxsa..?
- Çox yaxşı desək, səmimi olmaz. Futbolçulardan razıyıq. Xalımız çox da ola bilərdi, az da. Bizim üçün əsas oyunumuzu inkişaf etməkdir. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil. Ancaq həvəsdən düşmürük, pozitiv düşünürük. Gənc futbolçularımız belə oyunlarda “bərkiyirlər”. Fikrimiz yerli futbolçuları inkişaf etdirmək, miliyə qazandırmaqdır. Bu gün Rauf Əliyevi milliyə çağırmaq pis olmazdı. Olduqca mübariz keyfiyyətə malikdir. Millidə belə oyunçuya ehtiyac var. Başqa təcrübəli futbolçularımız var ki, milliyə çağırıla bilərlər.

- Sizin üçün hansı mövqedə çatımazlıq var?
- Bunu demək istəməzdim ki, həmin mövqedə oynayana hörmətsizlik olmasın. Sadəcə, rəqabəti artırmaq istərdik. Bu heyətlə də həvəsdən düşmürük.