09:00 02-11-2020
news_image
115
FUTBOL

“Qarabağ” önünə ciddi itkilərlə çıxacaq – “Sivasspor”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi Türkiyə Super Liqasının VII turunda “Hatayspor”la qarşılaşacaq “Sivasspor”un heyətində ciddi itkilər var.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Rıza Çalımbay Hatayda baş tutacaq bugünkü görüşə bir neçə futbolçunu aparmayıb.

Sol ayaq əzələsində yırtılma aşkarlanan ispaniyalı yarımmüdafiəçi Jorje Feliksin bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Sağ dizində şiş əmələ gələn ukraynalı orta sahə oyunçusu Sergey Rıbalka və sağ ayaq əzələsi yırtılan kapitan Ziya Ərdal bir həftə sonra kollektivlə məşqlərdə iştirak edə biləcəklər.

Adıçəkilən oyunçuların “Qarabağ”la III tur matçında meydana çıxmayacağı dəqiqdir. Bir müddətdir zədədən əziyyət çəkən və artıq reabilitasiya dönəmini geridə qoymaq üzrə olan qabonlu müdafiəçi Aaron Appindanqoye, həmçinin sol bud əzələsi dartılan braziliyalı müdafiəçi Marselo Qoyanonun durumu qeyri-müəyyəndir.

Bundan başqa, hələ Super Liqanın V turunda “Kayserispor”la matçda sağ ayaq topuğunda əzələ yırtılması əmələ gələn yarımmüdafiəçi Ərdoğan Yeşilyurt da Azərbaycan çempionu ilə qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, noyabrın 5-də Sivasda keçiriləcək “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.