08:51 03-11-2020
news_image
125
FUTBOL

“Bu cür oynamaq bizi xilas etməz” – Rıza Çalımbay "Qarabağ"la matçdan danışdı

“Oyundan əvvəl danışdığımız kimi diqqət etməli olduğumuz formada qol buraxdıq. Hesab bərabərləşdikdən sonra eyni səviyyədə oyun keçdi”.

Bunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının VII turunda “Hatayspor”la keçirilən oyun barədə danışarkən deyib.

1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra komandasının durumunu dəyərləndirən təcrübəli mütəxəssis Avropa Liqasının III turunda “Qarabağ”la keçiriləcək görüşə də toxunub.

O, daha yaxşı oynamaq məcburiyyətində olduqlarını vurğulayıb: “Gözəl matç keçdi. Amma ümumi baxdığımız zaman bu cür oynamaq bizi əsla xilas etməz. Daha yüksək keyfiyyətdə çıxış etməliyik. Hazır olmayan, zədəli oyunçularımız var. Bu üzdən indi problemli dönəmdən keçirik. Qarşıda bizi “Qarabağ” və ardından “Qalatasaray”la matç gözləyir. Yeganə düşüncəmiz hər iki qarşılaşmanı istədiyimiz şəkildə bitirməkdir. 15 günlük fasilə zamanı isə zədəlilərimizin də sağalması ilə həm Super Liqada, həm də Avropa Liqasında daha uğurlu nəticələr göstərəcəyik”.

Qeyd edək ki, noyabrın 5-də Sivasda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.