14:37 04-11-2020
news_image
95
FUTBOL

“Qarabağ”ın kapitanını “qaralayan” hakim – hər 3 nəticənin şahidi

“Qarabağ”ın Avropa Liqasının III turunda “Sivasspor”la oyununa təyinat alan Sandro Şarer Ağdam təmsilçisi üçün yad sima deyil.

Apasport.az saytının məlumatına görə, isveçrəli referi üçüncü dəfə bu klubun avrokubok matçında iş başında olacaq.

Şarer ilk olaraq 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Vorskla” ilə Ukraynadakı qarşılaşmada ədalət təmsilçisi olub. 2018-ci il noyabrın 8-dəki matçda Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib. Hazırda Ağdam klubunun formasını geyinən Maksim Medvedev və Vild-Donald Gerye həmin oyunda sarı vərəqə alıb.

Şarer ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın bu dəfə “Linfild”lə Şimali İrlandiyadakı oyununda fit çalıb. 2019-cu il avqustun 22-də Belfastdakı ilk oyunu meydan sahibləri 3:2 hesablı üstün tamamlayıblar. Təmsilçimizin heyətində Miçel, Mahir Emreli və Faysal Rerras sarı vərəqə ilə cəzalandırılıb. Cavab matçında rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” qrupa adlayıb.

Sandro Şarer həmçinin ötən il sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan – Xorvatiya qarşılaşmasına da təyinat alıb. “Bakcell Arena”da keçirilən oyun 1:1 hesabı ilə nəticələnib. İsveçrəli Ağdam klubunun hazırkı kapitanı Maksim Medvedevə həmin vaxt da sarı vərəqə göstərib.

Qeyd edək ki, sabah Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək.