17:58 04-11-2020
news_image
80
FUTBOL

Qrupda ilk – qardaş ölkə təmsilçisinə qarşı

Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan və Türkiyə klubları üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin III turunun “Sivasspor” – “Qarabağ” oyununadək qardaş ölkə təmsilçiləri 5 matçda görüşüb.

Əvvəlki oyunların hamısı əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirdə baş tutub. Beş görüşün hamısında Türkiyə klubları qalib gəlib.

Azərbaycan klublarının avrokuboklarda debütü də qonşularla duellə başlayıb. 26 il əvvəl ilkin mərhələdə “Turan” İstanbulda “Fənərbaxça”dan 5 cavabsız qol buraxıb. Cavab görüşündə də qalib gələn rəqib iki dəfə fərqlənib.

Bundan 6 il sonra “Antalyaspor”a rəqib olan “Kəpəz”in də taleyi fərqli olmayıb. Səfərdə 5, evdə 2 cavabsız qol buraxan gəncəlilər də mübarizəni dayandırıb.

Cari mövsüm “Qalatasaray”ı Bakıya gətirən “Neftçi” də evdə iki top fərqi ilə uduzmaq ənənəsini davam etdirib. Lakin “ağ-qaralar” türkiyəlilərlə görüşlərdəki ilk qola sevinib. Bu topun müəllifi Mamadu Mbodj olub. Ümumilikdə isə top fərqi də rəqiblərin xeyrinədir – 17:1.

İndiyədək yalnız əvvəlki mərhələlərdə qarşılaşan ölkə təmsilçiləri ilk dəfə qrupda görüşəcək. Sabah Sivasda baş tutacaq matç Yeni 4 Eylül stadionunda təşkil olunacaq.

1994/95 mövsümü, UEFA kuboku 
İlkin mərhələ

9 avqust. “Fənərbaxça” (Türkiyə) – “Turan” - 5:0
23 avqust. “Turan” - “Fənərbağça” (Türkiyə) - 0:2
2000/01 mövsümü, UEFA kuboku
Təsnifat mərhələsi

8 avqust. “Kəpəz” – “Antalyaspor” (Türkiyə) - 0:2
24 avqust. “Antalyaspor” (Türkiyə) - “Kəpəz” - 5:0
2020/21 mövsümü, Avropa Liqası
2-ci təsnifat mərhələsi

17 sentyabr. “Neftçi” – “Qalatasaray” (Türkiyə) – 1:3