20:14 04-11-2020
news_image
114
FUTBOL

“Bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək” – Qurban Qurbanov

“Hər iki komandanın xalı yoxdur. Matç həm bizim, həm də rəqib üçün vacibdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərələsində “Sivasspor”la keçirilən oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb. O, matça ciddi hazırlaşdıqlarını söyləyib: “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay deyib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqası arasında fərq böyükdür”.

48 yaşlı çalışdırıcı meydana maksimum nəticə üçün çıxacaqlarını vurğulayıb: “Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. “Vilyarreal”la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkkür edirəm ki, ağır günlərdə bizim yanımızdadır. Bu gün mənə Qurani Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qələbə qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir”.

Qurbanov qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Heç vaxt qrupdan çıxa bilməmişik. Həşimə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub, amma alınmayıb. Avropa Liqasının qrupunda hər ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Digər komandalarımız da qruplarda çıxış etməlidirlər ki, mübarizə daha çox olsun. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət, bəlkə də, şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır".