10:28 05-11-2020
news_image
85
FUTBOL

Rasim Kara “Qarabağ”la “Sivasspor”un heç-heçə oynayacağını düşünür – MÜSAHİBƏ

"Qarabağ"ın tarixində yeganə əcnəbi baş məşqçisi olan türkiyəli Rasim Karanın müsahibəsi 
 
- Keçmiş komandanız İstanbuldan necə görünür?
- "Qarabağ" 8-10 ildə çox böyük irəliləyişə nail olub. İnanılmaz işlər görüldü, bazasını inşa etdi, daha yaxşı idarə olunmağa başladı. Mən də burdan bütün bunları görərək sevinirəm və keçmiş komandamın bütün matçlarını izləyirəm. "Qarabağ"la fəxr edirəm, onu səmimi qəlbdən təbrik edirəm ki, belə nəticələr qazanıb. Onun Avropada çıxışını çox qürurla seyr edirik. Xüsusilə hazırda davam edən Qarabağ savaşında "Qarabağ"ın nəticələri böyük önəm daşımağa başladı. 
 
- "Qarabağ"ın Avropa Liqasında "Sivasspor"la səfər matçından nə gözləyirsiniz?
- Hər iki komandanın qrupda vəziyyəti yaxşı deyil. "Bir millət, iki dövlət" olduğumuzdan bəlkə heç-heçəyə qalarlar, deyə düşünürəm (gülür). "Qarabağ"a nə qədər çətin olsa da, qrupda bundan sonra xallarını qazana bilər. Heç nə imkansız deyil.
 
- Hazırkı "Sivasspor"u necə bir komanda kimi xarakterizə edərdiniz? Əsas gücü nədədir?
- "Sivasspor" keçən mövsüm daha yaxşı idi. Hətta mövsümün ilk yarısında lider oldu. Ancaq çempionatın sonuna yaxın heyətinin yetərsiz olmağı üzündən çempionluq mübarizəsinə girişə bilmədi. Bu mövsüm yeni futbolçular gəldi, keçənilki heyətdən də gedənlər oldu. Təəssüf ki, toparlana bilmədilər, Super Liqaya da yaxşı start götürmədilər, öz meydanlarında yenilməyə başladılar. "Sivasspor" hazırda tam formada olan bir komanda deyil. "Qarabağ" da bundan yararlanaraq, qələbə qazana bilər. 
 
- Komandanı çalışdıran tanınmış həmkarınız Rza Çalımbay əsas nəyə diqqət yetirir?
- Rza birgə oynadığım futbolçu idi. Onu çox yaxşı tanıyıram, hətta İstanbulda evimiz də eyni binadadır, qonşuyuq. Bura gəldiyi vaxtda orda qalır. Çox çalışqan bir insandır. Əfsuslar olsun ki, aldığı futbolçular komandaya tam "oturmadılar", tam adaptasiya olmadılar. O üzdən qarşıdakı matçda hər şey ola bilər. Fikrimcə, "Qarabağ" da qələbə qazana bilər, "Sivasspor" da. Heç-heçə də real variantdır. 
 
- Çalımbay oyunöncəsi mətbuat konfransında bildirib ki, "Qarabağ"la matç onlar üçün finala bərabər olacaq. Yəni, nə qədər qardaş ölkələr olsaq da, idman mübarizədir və pley-off mübarizəsində güzəştdən söhbət gedə bilməz...
- İdmanın özündə qazanmaq məsələsi var. İki qardaş komanda, hər iki tərəfdə eyni baş məşqçi olsa da, yenə qazanmaq üçün oynayacaqlar. Bu üzdən hər cür nəticə ola biləcəyini deyirəm. Çünki "Sivasspor"un hazırkı durumu "qaynar qazan"dır, yaxşı deyil. Onlar düşdükləri vəziyyətdən çıxışı yolu axtarırlar. "Qarabağ"ı yenib ruh yüksəkliyi qazanmağa çalışacaqlar. Rza hocanın fikirlərindən bu anlaşılır. Amma "Qarabağ"ın burda asanlıqla uduzacağını zənn etmirəm. 
 
- "Qarabağ" qrupda son matçında "Vilyarreal"a İstanbulda çətin anlar yaşatdı, hesabı açan da tərəf oldu...
- Məlumdur ki, koronavirus pandemiyasına görə daha çox evdə olmalıyıq. Mən də bu matçı televiziyadan seyr etdim. "Qarabağ"da da dəyişikliklər var. Ancaq yaxşı futbolçular da gördüm. 
 
- Kimlər diqqətinizi çəkdi? Nömrələrlə deyə bilərsiniz?
- Detallara varmaq istəmirəm. Ardıcıl matçlar izləyirik. Futbolçuların nömrələrinə yox, komandanın aldığı nəticələrə baxırıq. "Qarabağ" da ilk xallarını almağa çalışacaq, "Sivasspor" da. Bu üzdən zövqlü bir matç olacağını təxmin edirəm. 
 
- Şansları 50-50-yə buraxırsınız, yoxsa sivaslıları daha şanslı sayırsınız?
- Yox, elə 50-50-yə deyirəm. "Sivasspor" 30 faiz azarkeş dəstəyinə malik olacaq. "Qarabağ" da Türkiyədə ev matçında belə imkana malik olsaydı, yaxşı olardı. İstanbulda Azərbaycan klubunun oyuna gəlib dəstəkləyəcək çox insan var. İnşallah, burda ilk qalibiyyətini alar.
 
- Bu qrupda qalib olmağa aşkar namizəd var - "Vilyarreal" var. Püşkdən sonra 2-ci yerə "Sivasspor" daha şanslı sayılsa da, indi "Makkabi" haqda bunu deyə bilərik. Sizcə, təmsilçinizin şansı qalıbmı? Bəs, "Qarabağ" 2-ci yerə iddia edə bilərmi?
- İkisindən birinin qrupdan çıxa biləcəyini düşünürəm. "Sivasspor"la "Qarabağ" arasında dueli qazanan çox böyük üstünlük əldə etmiş olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Azərbaycandakı azarkeşlərə də, məni tanıyan hər kəsə də İstanbuldan qucaq dolu salamlarımı, sevgilərimi göndərirəm (sport24.az).