17:12 06-11-2020
news_image
188
FUTBOL

“Qarabağ”ı məğlub etməyə borclu idik” - Rıza Çalımbay

“Qrupda artıq 3 oyun keçirmişik. Hər üç matçda yaxşı çıxış etdik və qol vurduq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında komandasının Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk 3 oyunu dəyərləndirib. Çalımbay hər üç qarşılaşmanı yüksək səviyyədə keçirdiklərini söyləyib: “İlk 3 oyunu müqayisə etsək, “Vilyarreal”la qarşılaşmanı daha yaxşı keçirdiyimizi deyə bilərəm. Səfərdə 3 qol vursaq da, şanssız şəkildə məğlub olduq. “Makkabi” ilə Sivasdakı görüşdə də bəxtimiz gətirmədi. Qırmızı vərəqə aldıq, qapımıza penalti təyin olundu. Amma yenə də təslim olmadıq. Üçüncü oyunda “Qarabağ”ı məğlub etməyə borclu idik. Kollektiv şəkildə yaxşı çıxış etdik və istəyimizə çatdıq. 2:0 hesabı ilə qalib gəldik, amma son ötürmələrdə diqqətli olsaydıq, hesab daha böyük ola bilərdi. Əsas odur ki, qələbə qazandıq”.

Baş məşqçi qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacaqlarını vurğulayıb: “Növbəti oyunumuz yenə “Qarabağ”a qarşı olacaq. Məqsədimiz yenə qələbə qazanmaq olacaq. Daha sonra “Vilyarreal”la burada qarşılaşacağıq. Bizim üçün əsas oyunlar ondan sonra başlayacaq”.

Heyətdə bir neçə itkinin olmasından gileylənən Çalımbay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı onların da sıraya dönəcəyinə və “Qarabağ”la cavab qarşılaşmasına tam heyətlə hazırlaşacaqlarına ümid edir.

Baş məşqçi sonda Türkiyə Super Liqasının VIII turunda “Qalatasaray”la keçiriləcək ev oyununa da toxunub. O, matça yorğun çıxacaqlarını düşünür: “Qalatasaray”ın kifayət qədər yüksək keyfiyyətli və alternativli heyəti var. Zədəlilərimizin olması bizə problem yarada bilər. Rəqibin ən böyük üstünlüyü bir həftədir rahat hazırlıq keçməsidir. Biz isə bir həftə ərzində “Hatayspor” və “Qarabağ”a qarşı yüksək templi oyunlar keçirdik. Bu baxımdan rəqibin üstünlüyü var”.

Qeyd edək ki, “Qarabağ”la “Sivasspor” arasında IV tur matçı noyabrın 26-da keçiriləcək.