16:31 07-11-2020
news_image
67
FUTBOL

"Bu gün bizə qələbə lazım idi" - Yunis Hüseynov

“Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni qəbul edən paytaxt təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Hüseynov oyunsonrası mətbuat konfransında vacib qalibiyyət əldə etdiklərini söyləyib: “Bu gün bizə qələbə lazım idi. Ötən turda ağır məğlubiyyət almışdıq, uşaqları toparlamaq çox çətin idi. Bu gün birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci hissədə özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.

- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bu, bir qədər başadüşülən olmadı...
- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynamışdı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəlmişdim.

- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Sizinlə razıyam. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.