17:36 08-11-2020
news_image
124
FUTBOL

Darmadağının səbəbini açıqladı – “Neftçi”nin baş məşqçisi

“Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
Matçla bağlı çox danışılası bir şeyin olmadığını bildirən  43 yaşlı mütəxəssis bu nəticənin onlarda böhrana yol açacağına inanmadığını söyləyib: “Erkən qollardan sonra komandamız ruhdan düşdü. Nəticədə futbolçular oyundan qopdular. Oyunu təhlil edib, dəyişiklikləri müzakirə edəcəyik. Məğlubiyyətə baxmayaraq, çempionluqdan qopmamışıq. Qarşıda hələ çox oyun var”.
 
Baş məşqçi ilk hissədəki erkən dəyişikliklərin səbəbini də açıqlayıb: “Qol vurmaq istəyirdik. Ona görə buna əl atdıq. Erkən buraxılan qollar bizə çox təsir etdi. Sonradan çox çalışsaq da, alınmadı. Düzdür, bizim üçün bu, normal hal deyil. Fasilədə komandanı psixoloji çətinlikdən çıxarmağa çalışacağıq”.
 
“Qarabağ”ın qələbəsinə kölgə salmaq istəmədiyini deyən Məmmədov məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirib. Azarkeşlərin narazılığına da toxunan çalışdırıcı rəhbərliklə görüşdən sonra bu barədə fikir bildirəcəyini vurğulayıb.