10:10 11-11-2020
news_image
113
FUTBOL

51, yoxsa 141? - 261-ci sınaq

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, Sloveniya ilə yoldaşlıq matçı yığmanın tarixində 261-ci qarşılaşma olacaq.
 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 260 matça çıxıb. Hesabında 50 qələbə və 70 heç-heçə olan yığma 140 dəfə uduzub. Əvvəlki 260 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxıb.
 
Lyublyananın “Stojitse” stadionundakı qarşılaşma yoxlama oyunları və bu xarakterli turnirlərdə 125-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasını nəzərə almasaq, 124 oyuna çıxan komanda 34 qələbə qazanıb, 42 heç-heçə edib və 48 dəfə uduzub. Rəqib qapılarına 115 qol vuran futbolçularımız indiyədək 157 top buraxıb.

Sloveniyadakı görüş millimizin 2020-ci ildə 5-ci sınağı olacaq. Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan yığma Kiprlə 2 dəfə üz-üzə gəlib – 1:0, 0:0. Həm bu il, həm də italiyalı baş məşqçi Canni de Byazi ilə 4 matça çıxan komandanın hesabında 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib.

Qeyd edək ki, Lyublyanada keçiriləcək Sloveniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.