12:36 11-11-2020
news_image
130
AVRO-2020

Son 4 vəsiqə - AVRO-2020-yə

Sabah AVRO-2020-nin pley-off mərhələsinin oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, A, B, C və D yolu üzrə pley-offun final görüşləri baş tutacaq.

Bir oyunda münasibətlərini aydınlaşdıracaq 4 cüt 2021-ci ildə təşkil olunacaq final mərhələsinə son vəsiqələrin sahiblərini müəyyənləşdirəcək. Koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan və 12 şəhərdə baş tutacaq yarışın son iştirakçıları bəlli olacaq.

D yolunda qonşu Gürcüstan öz meydanında Şimali Makedoniyanı qəbul edəcək. Hər iki komanda tarixi şansdan yararlanıb ilk dəfə böyük turnirin həlledici mərhələsində oynamaq imkanından yararlanmağa çalışacaq.

Digər üç görüş eyni vaxtda başlayacaq. A yolunda Macarıstan İslandiyanı sınağa çəkəcək. Seçmə mərhələdə Azərbaycan millisinin rəqibi olan, AVRO-2020-də ev sahibləri sırasında yer alan meydan sahibləri ardıcıl ikinci dəfə qitənin ən böyük futbol turnirinə qatılmaq arzusundadır. 5 il öncə debüt etdiyi yarışda gözlənilmədən 1/4 finala yüksələn İslandiya da eyni hədəf üçün mübarizə aparacaq.

B yolunda digər seçmə mərhələdəki digər rəqibimiz Slovakiya səfər matçına çıxacaq. Onlar Şimali İrlandiyanın qonağı olacaq. Ada təmsilçisi ardıcıl ikinci dəfə final mərhələsi həyəcanı yaşamağa köklənib. Meydan sahibləri isə 25 il əvvəlki uğurun həsrətindədir.

C yolunda Serbiya ilə Şotlandiya XXI əsrdə ilk dəfə qitə çempionatına qatılmaq əzmindədir. Britaniyalılar 25, balkanlılar isə 21 ildən sonra bu uğura imza ata bilər.

Qeyd edək ki, AVRO-2020-nin digər 20 iştirakçısı seçmə mərhələdə müəyyənləşib. 10 qrupda ilk iki yeri tutanlar final mərhələsinə yüksəlib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

AVRO-2020-nin pley-off mərhələsi
Final
12 noyabr
A yolu

23:45. Macarıstan – İslandiya
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya
C yolu
23:45. Serbiya – Şotlandiya
D yolu
21:00. Gürcüstan - Şimali Makedoniya