13:39 11-11-2020
news_image
76
FUTBOL

4 xəbərdarlıq - Qara Qarayevə tanış hakim

Millətlər Liqasının V turunda Azərbaycan – Monteneqro oyununa təyinat alan Sergey İvanov ilk dəfə əsas millimizin oyununu idarə edəcək.

Apasport.az saytının məlumatına görə, rusiyalı referinin yolu karyerası ərzində 3 dəfə Azərbaycan təmsilçiləri ilə kəsişib.

FİFA referisi 2013-cü ildə 17 yaşadək futbolçulardan ibarət yığmamızın iki matçında iş başında olub. İvanov həmin vaxt Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya ilə səfər (3:3) və Slovakiya (2:4) ilə ev oyununda dördüncü hakim funksiyasını icra edib.

2014-cü ildən beynəlxalq arenada baş hakim kimi oyunlara təyinat alan 36 yaşlı referi cəmi 1 dəfə Azərbaycan klubunun görüşündə ədalət təmsilçisi olub. Bu, ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Şimali İrlandiya təmsilçisi “Linfild”lə Bakıdakı qarşılaşmasına təsadüf edib. 2019-cu il avqustun 22-də Belfastda 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionu bir həftə sonra Tofiq Bahramov adına Respublika stadionunda 2:1 hesablı qələbə qazanaraq qrupa düşüb. Cavab görüşündə fit çalan İvanov ağdamlıların 4 üzvünə sarı vərəqə göstərib ki, onlardan yalnız Qara Qarayev hazırda yığmanın düşərgəsindədir.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.