13:44 11-11-2020
news_image
349
FUTBOL

Vüsal İsgəndərli: “Füzulinin komandasında oynamaq istəyərəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Keşlə” klubunun futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- Bu gün Sloveniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcəksiniz. Oyunöncəsi kollektivdə ab-hava necədir?
- Komanda daxilində hər şey yaxşıdır. Bugünkü matç yoldaşlıq görüşü olsa da, meydana qələbə qazanmaq üçün çıxacağıq. Ölkəmizi sevindirmək, xoş günlərin davamını gətirmək istəyirik. Ordumuz hamımızı çox sevindirdi. Biz də öz cəbhəmizdəki uğurla xalqımızı sevindirmək istəyirik. İnşallah, bu gün qələbə qazanarıq.

- Ordumuzun qazandığı tarixi zəfərin oyunöncəsi kollektivə təsiri necədir? Nəzərə alaq ki, sizin, Qara Qarayevin və bir neçə oyunçunun işğal altında olan kəndləri azad olunub...
- Təkcə Qara ilə məndə yox, bütün komandada sevinc hissləri böyükdür. Bunu sözlə ifadə etmək mümkün deyil. Düzdür, Qara və mənim sevincim qat-qat çoxdur. Çünki illərdir həsrətində olduğumuz torpaqlara qayıdacağıq. Bu amilin qarşıdakı matçlara hazırlıq baxımından müsbət təsiri böyükdür. Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Sloveniya ilə oyun Millətlər Liqasının son iki turunda Monteneqro və Lüksemburqla görüşlərə hazırlıq xarakteri daşıyır. Həmin qarşılaşmalardan gözləntilər nələrdir?
- Həmin oyunlarda da qələbə qazana bilərik. Meydana da bunun üçün çıxacağıq. Yaxşı komandamız var, baş məşqçi hamıya güvənir. Futbolçular da öz şanslarını gözləyirlər. Məncə, Monteneqro və Lüksemburqu da məğlub edəcək gücümüz var.

- Müharibə zamanı kəndlərimizin bir-bir işğaldan azad vaxt doğma kəndinizin adını eşidəndə hansı hissləri keçirdiniz?
- Həqiqətən də, xoş hisslər idi. Hər kəndin, rayonun adı açıqlananda insan qürur hissi keçirirdi. Biz də arxa cəbhədə əlimizdən gəldiyi qədər dəstək olmağa çalışırdıq. Allah əsgərlərimizi qorusun, 30 il həsrətində olduğumuz torpaqlarımızı geri qaytardılar. Bizim kəndin adının açıqlandığı gün “Qəbələ” ilə oyunda idim. Heç vaxt matç günü evdən mənə zəng olunmurdu. Ancaq həmin gün gördüm ki, evdən zəng gəlir, bir az narahat oldum. Zəngə cavab verən kimi, xoş xəbəri dedilər. Qərara almışdım ki, qol vursam, əsgər salamı verəcəyəm. Millinin heyətində əlimdən gələni edəcəyəm ki, qol vurum, o cür sevinim.

- Artıq Füzulinin komandası yaradılır və növbəti mövsüm Region Liqasında mübarizə aparacaq. Doğma torpaqlara qayıtmaq üçün Premyer Liqanı atmaq heç ağlınızdan keçibmi?
- Bizim işimiz futboldur. Futbolçu karyerasını da bilmək olmur. Bu gün Bakıdasan, sabah hansısa rayonun və ya başqa bir ölkənin klubunda ola bilərsən. Əlbəttə ki, mən də doğma rayonumun komandasında oynamaq istəyərəm. Ailəm kəndimizə qayıtmaq üçün artıq icazə gözləyir. İnşallah, qayıdacaqlar. Təbii ki, mən də rayonuma qayıdacağam. Hər gün qalmaq, yoxsa ailəmə baş çəkmək üçün gedəcəyəm, bunu indidən deyə bilmərəm. Amma şübhəsiz ki, tez-tez gedəcəyəm. Öz kəndimiz görmək üçün səbirsizlənirəm.

- Qış fasiləsi yaxınlaşmaq üzrədir. Karyeranda hansısa dəyişiklik ola bilərmi, yoxsa mövsümü “Keşlə”də davam etdirəcəyin dəqiqdir?
- Bu haqda danışmaq bəlkə bir az tezdir. Ölkə daxilində dəyişiklik olmayacaq, bu mövsüm “Keşlə”ni Premyer Liqanın başqa klubuna dəyişməyəcəyəm. “Keşlə” ilə qarşıya qoyulan hədəfimizə çatmaq istəyirəm. Təbii ki, xaricdən təklif olarsa, ölkəmə, millimə orada oynamaqla daha çox xeyir verəcəyimi düşünsəm, mütləq gedəcəyəm. Açığı, getmək istəyirəm də. Amma hər şey bizim istəyimizlə olmur.