17:39 11-11-2020
news_image
73
FUTBOL

“Bizi Azərbaycana qarşı ciddi oyun gözləyir” - Lük Holts

“Avstriyaya qarşı ideal heyətlə oynamayacağıq. Rəqib fiziki cəhətdən bizdən yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts deyib.

Bu gün yoldaşlıq görüşündə Avstriya ilə üz-üzə gələcək lüksemburqlular Millətlər Liqasının son oyunlarında Kipr (14 noyabr) və Azərbaycanla (17 noyabr) qarşılaşacaq.

51 yaşlı mütəxəssis bildirib ki, Avstriya önünə qələbə üçün çıxmayacaqlar: “Mütləq qələbəni düşünsəydim, ən yaxşı heyəti matça hazırlayardım. Futbolçulara müəyyən oyun vaxtı verəcəyəm ki, rəsmi görüşlərə daha hazır olsunlar. Qarşıda bizi Kipr və Azərbaycana qarşı çox ciddi iki oyun gözləyir. Məqsədimiz B liqasına vəsiqə qazanmaqdır. Bunun üçün də qrupdakı son matçları mütləq qalib tamamlamalıyıq”.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda son oyunlar öncəsi Lüksemburq 9 xalla liderdir. Azərbaycan millisi isə 4 xalla 3-cü sırada qərarlaşıb.