12:58 12-11-2020
news_image
84
FUTBOL

“Azərbaycan möhkəm komandadır” – isveçrəli baş məşqçi

“Koronavirusa yoluxan futbolçularımızdan məhrum qalmağımız bizim üçün ciddi itkidir. Ancaq əlimizdəki oyunçularla da qalib gəlmək keyfiyyətinə sahibik”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət İsveçrə yığmasının baş məşqçisi Mauro Lustrinelli AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun öncəsi danışarkən deyib.

Üç futbolçu - Ceremi Gilyemeno, Dan Ndoye və Yasper van der Verff koronavirus testi pozitiv çıxdığı üçün son qarşılaşmaların iştirak ərizəsindən çıxarılsa da, 44 yaşlı mütəxəssis komandasına güvənir.

O, qələbə seriyasının yığmamızla qarşılaşmada da davamına çalışacaqlarını bildirib: “Hər oyuna final matçı kimi hazırlaşırıq. Azərbaycanla görüşə də eyni düşüncədə çıxacağıq. Azərbaycan yığmasını səfərdə məğlub etmişik. Çox möhkəm və aqressiv futbol oynayan komandadır. Onlara qarşı asan olmayacaq. Gördüklərimiz işimizin çətin olacağından xəbər verir. Ancaq indiki durumda da qələbə qazanacaq keyfiyyətimiz var”.

Qeyd edək ki, bu gün Tyunda millimizi qəbul edəcək İsveçrənin U-21-i qrupda son matçını noyabrın 16-da Kanda Fransaya qarşı keçirəcək. İlk 8 görüşün hamısında qələbə qazanan Lustrinellinin komandası 24 xalla 2-ci qrupa liderlik edir.