14:24 12-11-2020
news_image
76
FUTBOL

Azərbaycanı məğlub etmək arzusunda olan debütant

“Millidə debüt etmək karyeramda böyük addımdır. Gələcəkdə yığmanın daimi üzvünə çevrilməyə çalışacağam”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının yarımmüdafiəçisi Milutin Osmayiç Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

0:0 hesabı ilə başa çatan qarşılaşmada ilk dəfə yığmasının formasını geyinən 21 yaşlı orta sahə oyunçusu Millətlər Liqasının V turunda Azərbaycanla matçla bağlı fikirlərini də bölüşüb: “Qazaxıstana qol vurmaq istəyirdim, ancaq alınmadı. Düşünürəm ki, bunun üçün vaxtım olacaq. Millətlər Liqasını yüksək ab-havada başa vurmaq üçün şansımız qalır. Bunun üçün əvvəlcə Azərbaycanı məğlub etmək lazımdır. Keyfiyyət baxımdan biz onlardan daha yaxşı komandayıq. İnanıram ki, qarşıdakı hər iki rəsmi matçı ən yaxşı nəticə ilə tamamlayacağıq”.

Qeyd edək ki, Millətlər Liqasının son turları çərçivəsində noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan yığmasının qonağı olacaq Monteneqro bundan üç gün sonra Podqoritsada Kipri qəbul edəcək.