12:15 13-11-2020
news_image
101
FUTBOL

Yığmanın tarixində 42-ci - Ozan Can Kökçü

“Sabah”ın futbolçusu Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasının heyətində Avropa çempionatlarının seçmə mərhələsində ilk qoluna imza atıb.

Apasport.az saytının məlumatına görə, İsveçrə ilə Tyun şəhərində keçirilən qarşılaşmada (1:2) fərqlənən futbolçu yığmanın tarixinə seçmə mərhələdə qol sevinci yaşayan 42-ci oyunçu kimi düşüb.

Bunadək baş tutan 111 matçda 63 qol vuran millidə 41 futbolçu rəqib qapısına yol tapmışdı. 112-ci görüşdəki 64-cü top 42-ci qolçunun hesabına yazılıb.

1994-cü ildə AVRO-1996-nın seçmə mərhələsinə qatılmaqla debütünü rəsmiləşdirən U-21-in yalnız 13 üzvü 2 və ya daha çox qola sevinib.

Ən məhsuldar oyunçular Samir Əliyevlə Barış Ekincier hərəyə 4 dəfə bunu bacarıb. Sonuncu qollarından üçünə cari tsikldə imza atıb.

Araz Abdullayev, Cavid İmamverdiyev, Mahir Emreli, Nizami Hacıyev və Tuğrul Erat hərəyə üç dəfə fərqlənib. Abdulla Abatsiyev, Ağabala Ramazanov, Asif Məmmədov, Bəxtiyar Soltanov, Kərəm Benke və Vüqar Nadirovun aktivində 2 top var. Digər 29 oyunçu, o cümlədən Ozan yalnız bir dəfə yığmaya qol sevinci bəxş edib.