17:02 13-11-2020
news_image
92
FUTBOL

Xal arzusu - 45-ci dəfə

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının V turunda Monteneqro ilə keçiriləcək görüş yığmanın tarixində 262-ci qarşılaşma olacaq.
 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 261 matça çıxıb. Hesabında 50 qələbə və 71 heç-heçə olan yığma 140 dəfə uduzub. Əvvəlki 261 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxıb.
 
Xorvatiyanın Zapreşiç şəhərindəki qarşılaşma rəsmi turnirlərdə 137-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 136 oyuna çıxan komanda 16 qələbə qazanıb, 28 heç-heçə edib. Komandamız uduzmasa, tarixində 45-ci dəfə xal qazanacaq. Milli indiyədək 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.
 
Millətlər Liqasında – 11-ci dəfə meydana çıxacaq yığma indiyədək 10 qarşılaşmada qüvvəsini sınayıb. Komandamız 3 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə uduzub. Milli 9 qol vurub, 10-nu buraxıb.
 
Bu, millimizin 2020-ci ildə 6-cı sınağı olacaq. Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan yığma Kipri 1 qolla üstələyib. Sonuncularla ikinci qarşılaşmada, həmçinin Sloveniya ilə yoldaşlıq görüşündə qol qeydə alınmayıb. Həm bu il, həm də italiyalı baş məşqçi Canni de Byazi ilə 5 matça çıxan komandanın hesabında 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib.

Qeyd edək ki, “İvan Laylak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-də başlayacaq.