22:14 13-11-2020
news_image
179
FUTBOL

“27 dəfə məşq keçirmişik” – de Byazi saymağa başladı

"Sabahkı oyun bizim üçün çox önəmlidir. Əvvəlki oyundan öncə də demişdim ki, xalqımız üçün tarixi andır”.  

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının V turunun Monteneqro ilə görüşü öncəsi mətbuat konfransı keçirib. O, sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim. Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq. Baxmayaraq ki, kifayət qədər məşq etmək imkanımız olmayıb. Komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq var. Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Sabahkı oyunda heyətdə beş dəyişiklik olacaq. Sevindirici haldır ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə, Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdır. Hamısı bir-biri ilə çox mehribandır və aralarında sağlam rəqabət var. Burada olduğum müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq”.

Qeyd edək ki, yığmamızın “İvan Laylak-İviç” stadionunda keçirəcəyi ev matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.