14:22 14-11-2020
news_image
74
DİGƏR NÖVLƏR

Dünya kubokunda gümüş medal qazandı - Murad Əliyev

Perunun təşkilatçılığı ilə ağır atletika üzrə yeniyetmələr arasında dünya kuboku keçirilir.

Apasport.az saytının məlumatına görə, yanvarın 11-də başlayan yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparır.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Bunlar - Elşən Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Sənan Sahibov (73 kq) və Əli Şükürlüdür (102 kq).

Kubok qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.

Artıq iki atletimiz körpücük üzərinə çıxıb. 61 kq-da yarışan Elşən Məmmədov toplam 200 kq (90+110) nəticə ilə B qrupunda 9-cu yeri tutub.

67 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Əliyev isə daha uğurlu nəticəyə imza atıb. O, birdən qaldırma hərəkətində 120 kq, təkanla qaldırmada isə 139 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 259 kq nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, dünya kuboku noyabrın 18-də başa çatacaq.