14:21 15-11-2020
news_image
159
FUTBOL

Liqada irəli, nəticədə geri – Millətlər Liqasında

Azərbaycan yığması Millətlər Liqasında iki il əvvəlki nəticəsini göstərə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, bu, V turun oyunundan sonra rəsmiləşib.

Monteneqro ilə ev matçının yarıdan çoxunu 10 nəfərlə keçirən rəqibi məğlub edə bilməyən milli qolsuz heç-heçə ilə kifayətlənib. Hazırda hesabında vur-tut 5 xal olan Canni de Byazinin yetirmələri qrupda son oyununu noyabrın 17-də Lüksemburqa qarşı keçirəcək.

Millimiz səfərdə qalib gəlsə, aktivini 8-ə xala çatdıracaq. Bu, Millətlər Liqasının ilk mövsümündəki göstəricidən aşağı nəticədir.

2018-ci ilin payızında Qurban Qurbanovun baş məşqçisi olduğu yığma daha çox – 9 xal toplayıb. Həmin nəticə yığmanın ikinci mövsümünü keçirdiyi turnirdə ən yaxşı göstəricisi olaraq qalacaq.

Düzdür, 2018-ci ildə daha zəif olan D liqasında çıxış edən yığma islahatlar hesabına nisbətən güclü C liqasına yüksəlib. Həmin vaxt Kosovo, Farer adaları və Malta ilə mübarizədə 2-ci yeri tutan komandamız bu dəfə ən yaxşı halda 3-cü olacaq. Monteneqro və Lüksemburqu keçmək imkanını itirən yığma Kiprlə sonuncu olmamaq mübarizəsi aparır.

Millimiz D liqasında indiki ilə müqayisədə daha çox qol vurub və daha çox top da buraxıb. Amma top fərqi indikindən fərqli müsbət saldoda olub.

Qeyd edək ki, 2 il əvvəl 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyəti olan millinin top fərqi 7-6 idi. Bu dəfə 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətə malik yığma 2 qol vurub, 4-nü buraxıb.