21:28 16-11-2020
news_image
188
FUTBOL

“Azərbaycandan zəif heyətlə Avropa çempionatına vəsiqə qazanmışam” – Canni de Byazi

“Qrupun son oyunudur. 8 ildir birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının son turunda Lüksemburqla keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. O, komandasının inkişafda olduğunu söyləyib: “İndiyədək cəmi 30 məşq keçmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt matçımızdan fərqli olacaq”.

De Byazi ən yaxşı heyətlə meydana çıxacaqlarını vurğulayıb: “Sloveniya ilə oyunda heyətdə eksperiment apardıq. Sabah isə ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk. Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik. Onlara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidirlər”.

Qeyd edək ki, sabah “Jozi Bartel” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə 23:45-də start götürəcək.