21:31 16-11-2020
news_image
175
FUTBOL

“Bir səhv etdim, mənə baha başa gəldi” - Mahir Emreli

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Millətlər Liqasının son turunda Lüksemburqla keçiriləcək oyun barədə danışarkən deyib.

“Qarabağ”ın forvardı sabah rəqiblə Bakıdakı ilk matçda qırmızı vərəqə almasını da xatırladıb: “İlk görüşdə qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq, qol vurmuşduq. Həmin görüşün psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam”.

Emreli son matçlarda qol vura bilməmələrinə də aydınlıq gətirib: “Hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur ki, düşən fürsətdən maksimum istifadə edirsən, elə də olur alınmır”.

Qeyd edək ki, sabah “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxkı ilə 23:45-də başlayacaq.