10:06 17-11-2020
news_image
101
FUTBOL

Heç-heçə seriyası davam etsə... – yığmamızda

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının sonuncu - VI turunda Lüksemburqla keçiriləcək görüş yığmanın tarixində 263-cü qarşılaşma olacaq.
 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 262 matça çıxıb. Hesabında 50 qələbə və 72 heç-heçə olan yığma 140 dəfə uduzub. Əvvəlki 261 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxıb.
 
Lüksemburqun Joze Bartel stadionunda baş tutacaq qarşılaşma rəsmi turnirlərdə 138-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 137 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb, 29 heç-heçə edib. Turnirdə son iki matçında Kipr və Monteneqro ilə qolsuz sülhə imza atan Azərbaycan yığması yenə 1 xal qazansa, yubiley 30-cu heç-heçəsini rəsmiləşdirəcək. Milli indiyədək 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.
 
Millətlər Liqasında 12-ci dəfə meydana çıxacaq yığma indiyədək 11 qarşılaşmada qüvvəsini sınayıb. Komandamız 3 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə uduzub. Milli 9 qol vurub, 10-nu buraxıb.
 
Bu, millimizin 2020-ci ildə 7-ci sınağı olacaq. Lüksemburqa 1:2 hesabı ilə uduzan və ardınca Kipri 1:0 hesabı ilə məğlub edən yığmamız son 4 görüşdə qol həsrəti yaşayır. Monteneqroya 0:2 hesablı məğlubiyyətdən sonra baş tutan hər üç qarşılaşma qolsuz başa çatıb. Kipr, Sloveniya və Monteneqro ilə görüşlərdə sülh seriyası qeydə alınıb.

2020-ci ildə 6 matça çıxan komandanın hesabında 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə cəmi 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib. Bu göstəricilər həm də italiyalı baş məşqçi Canni de Byazi ilə qeydə alınan nəticələrdir.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.