10:01 18-11-2020
news_image
105
FUTBOL

“Neymarla həmişə ünsiyyətdə olurduq” - koronavirusa yoluxan sabiq “Neftçi”li

“27 yaşım var, Bolqarıstan, Azərbaycan, Yaponiya, İran və Hindistan kimi ölkələrin bəzi klublarında çıxış etsəm də, hələ gəncəm”.

Apasport.az saytının məlumatına görə, bunu ölkəmizdə “Neftçi” klubunun formasını geyinmiş braziliyalı müdafiəçi Jairo Rodriges deyib.

“Santos” akademiyasının yetirməsi olan mərkəz müdafiəçisi yenicə Portuqaliyanın “Fabril” klubu ilə müqavilə bağlayıb. Koronavirusa yoluxan Rodriges ölkəsinin mətbuatına müsahibəsində PSJ-nin hücumçusu Neymarla bağlı maraqlı fikirlər səsləndirib: “Mən “Santos”a yollananda Neymar əsas komandaya yeni cəlb edilirdi. Hər həftə əsas kollektivlə məşq edirdik, daim ünsiyyətdə olurduq. Bugünkü Neymar 10 il əvvəlki Neymardır: topu qəbul edir, incə paslar verir. Onu dayandırmaq mümkün deyildi. Amma edə biləcəyimiz bir şey yox idi”.

Jairo vaxtilə birgə oynadığı Neymar, Qanso, Felipe Anderson kimi zəngin karyera qura bilməməsini günün tələbləri ilə əlaqələndirib: “İllər ərzində topladığım təcrübə mənə futbolun böyük bir çarx olduğunu söyləyir. Bu gün ayaqdasın, sabah aşağı düşə və ya yüksələ bilərsən”.

Qeyd edək ki, Jairo Rodriges 2015-2017-ci illərdə “Neftçi”nin formasını geyinib.