15:12 18-11-2020
news_image
934
FUTBOL

Xüsusi təyinatlılara ehtiyac varmı? – nağıllar bitsin

Bu günlərdə heç nə kefimi poza bilməz. 30 illik həsrət sona çatıb, şanlı Azərbaycan Ordusu tarixi zəfər qazanıb. Bunun sevincini doyunca yaşamaq haqqımızdır.

Hətta indi Azərbaycan yığmasının Millətlər Liqasındakı nəticələri də məni əsəbiləşdirmir. Komanda Lüksemburqla bacarmırmı, azlıqda oynayan Monteneqronun qapısına yaxınlaşa bilmirmi, nə bilim, AFFA qrupda sonuncu yeri tutmamağı bayram edirmi? Nə vecimə. Axı burda qəribə nəsə yoxdur, Azərbaycan yığması, onsuz da, daimi autsayderdir.

Millinin özü kimi zəiflərlə keçirdiyi 6 oyunda 2 qol vurmasını mən niyə dərd etməliyəm? Bunu kollektivi quranlar, meydana 7 müdafiəçi çıxaranlar düşünsünlər. Bir qapıçının sayəsində 0:0-ları sıralayan yığmaya normal hücumçu tapmaq mümkün deyilsə, buna cavabdeh olanlar çıxış yolu axtarsınlar. 

Almaniyanın, İspaniyanın aşağı liqasında oynayan milliləşənlər klubu yığmadan üstün tuturlarsa, bu niyə mənə yer eləməlidir? Qoy, şərəfli formanı geyinmələri üçün onlara milyonlar tökənlər utansınlar. Həmin ölkələrdən başqa yığmalara gedən futbolçular üçün karantin şərtləri necədirsə, bunlar üçün də elədir. Əsgəri qəhrəmanlıq salnaməsi yazan ölkədə qorxaqlara yer yoxdur.

Lüksemburqa, Monteneqroya baş əyən komandanın başçısı dünya çempionatı nağılı danışırsa, buna mən niyə inanım? Hekayə sevənlər məsti-xumar olsunlar, nağıllar aləmində gəzsinlər. Mənim pulumu ki yemir.

30 ildən sonra Qarabağ doğma, etibarlı əllərdədir, özünə dönüb. Azərbaycan futbolu bundan sonra 30 il də öz yerində saysa, mən niyə fikrini çəkim? İllərdir sərsəm şüarlarla camaatın başını yastığa qoyan futbol rəhbərləri daha nə vaxta qədər aldada biləcəklərini düşünsünlər.

“Ölkənin ən yaxşılarıdır” deyib oynatdığın komanda çərçivəyə zərbə vura bilmirsə, buna mən nə etməliyəm? Bəlkə torpaqlarımızın işğaldan azad olunmasında xüsusi rol oynayan dron uçuranlarımızın və ya xüsusi təyinatlıların xidmətinə müraciət olunsun?

Yığmanın adicə heyətinə göz gəzdirəndə ürəyim bulanırsa, yuxuma haram qatıb, 90 dəqiqəlik işgəncəyə niyə baxmalıyam? Maksimum məhlə səviyyəsində futbolçu yetişdirənlər kəşflərinə doya-doya baxıb həzz alsınlar. Belə futbol mənə lazım deyil...

Ruslan Sadıqov