17:05 18-11-2020
news_image
338
FUTBOL

“Onlar öz nağılları ilə yatızdırırdı, de Byazi yuxuya verir” - SORĞU

Azərbaycan yığmasının Millətlər Liqasının başa çatan 2020/21 mövsümündəki nəticələri birmənalı şəkildə uğursuzluq kimi qələmə verilir.

Apasport.az saytı olaraq 6 xalla qrup üçüncüsü olan Canni de Byazinin kollektivinin çıxışına bəzi media nümayəndələrinin münasibətini öyrənməyə çalışdıq.

Beləliklə, jurnalistlərlə apardığımız sorğuda səslənən fikirləri sizə təqdim edirik...

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Rüsvayçılıq, sadəcə rüsvayçılıq. Görünən odur ki, bizim milli komandanı ən zəiflərin də arasına atsan, orada da ən zəiflərdən olacaq. AFFA rəhbərliyi dəyişməyincə, futbolun başına futbolun nə olduğunu anlayan adamlar gətirilmədikcə, nə edirsən et, kosmetik dəyişiklik olacaq, baş aldatma olacaq. Hamısı istefa verməlidir, ya da qovulmalıdır”.

Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “Birmənalı fikir bildirmək düzgün olmaz. Milli üzvləri koronavirus səbəbindən 7 aylıq fasilədən sonra futbol oynamağa başladı ki, bu da Canni de Byazinin işini çətinləşdirməyə bilməzdi. Eyni zamanda, italyan mütəxəssisin yoxlama oyunu keçirmək üçün də vaxtı olmamışdı. Məhz bu səbəbdən 64 yaşlı çalışdırıcı turnirin ilk dövrəsində bir çox rotasiyalara əl atmışdı ki, optimal düzülüş və aparıcı simaları müəyyənləşdirsin. İkinci dövrədə millimiz ideala yaxın müdafiə ilə seçildi ki, bunu təcrübəli çalışdırıcının aktivinə yazmalıyıq. Ancaq müdafiə haqda nə qədər nikbin danışsaq da, eyni sözləri millimizin hücum qurmasına aid edə bilmərik. Milli olduqca “dişsiz”, həm də “oxunan” hücumlar qururdu. Fikrimcə, de Byazinin sxemində əsas səhv Mahir Emreli və Ramil Şeydayevə güvəndiyi mövqelərlə bağlıdır. Şeydayev cinahda forvard kimi bacarığının heç yarısını verə bilmir. Emreliyə gəlincə, bir il əvvələdək “Qarabağ”da vinger kimi parlaq oyunları millidə də bu mövqedə uğurlu olacağını söyləməyə əsas verir. Düşünürəm ki, DÇ-2022-nin seçmə tsiklində daha çox qol vuran Azərbaycan görə bilərik”.

Sənan Abdullayev (“Xəzər TV”nin idman redaktoru): “Hər kəs kimi, mən də mövsümün əvvəlindən yerli məşqçi tərəfdarı idim. Çünki çempionat normal keçirilmirdi, üstəlik, sonrakı dönəmin necə olacağı bilinmirdi. Bəlli məsələ idi ki, yığmanın da işi asan olmayacaq. Bu qədər müddətdə həm pulumuza qənaət edər, həm də bir məşqçi qazanmış olardıq. Əvəzində nə oldu? De Byazi gətirildi. Bəli, ehtimal olunan əcnəbilər arasında ən uğurlu seçim idi. Ancaq xarici ilə yerli arasında bu fərqi də meydanda görməliydik axı. Nə gördük? Birinci matçdan milli komanda uzun müddətdir oynamayan, Azərbaycan futbolunun xərçəng xəstəliklərindən olan Araz Abdullayevin piştaxtası oldu. Lüksemburqla oyundan qabaq de Byazi də “mən bundan zəif komanda ilə Avropa çempionatına vəsiqə qazanmışam” deməklə ən son dəstək sözlərini işlətdi ki, bəlkə bir işə yarayar. Amma xeyrini görmədi. Bizim problemimiz, onsuz da, müdafiə olunmaq deyildi ki. Qol vura bilmirik. Üstəlik, son vaxtlar az qala çərçivəyə zərbə də vurmuruq. Məgər Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abasov, elə Şahin Diniyevin özü də olsaydı, ən pis halda belə olmayacaqdı? Kim “qarant” dura bilər ki, seçmə mərhələdə daha yaxşı olacaq? Həmin AFFA Qurban Qurbanovu 6 illik müqavilə ilə aldadıb, onun Avropa “torbası tikdi”. Halbuki həmin vaxt bizim kimi, bütün ölkələr həyatlarında olan, bəlkə də, yeganə şans üçün ölüm-dirim müharibəsinə çıxırdılar. Sonda da o yığma yalnız Kosovodan geri qaldı. Özünə hörmət edən adam kimi Qurbanov da 9 xalla istefa verdi. Bəs indi niyə tələb edən yoxdur? Yəni dəyirman öz işindədir”.

Kamal Rza (müstəqil jurnalist): “Münasib qrup olsa da, nəticə ürəkaçan olmadı. 6 oyunda cəmi 6 xal və vurulan 2 qol. Son 5 matçda da qol vura bilməmişik. Bütün bunlar komandada problemlərin çox olduğunu göstərir. Amma biz yığmadan böyük nəticə də gözləyə bilmərik. Çünki real durumu dəyərləndirmək lazımdır. Baş məşqçinin dəyişdirilməsi, heyətdə bəzi oyunçuların getməsi, bəzilərinin yeni gəlməsi nəticəyə ciddi təsir göstərdi. Ola bilər ki, bir oyunda ürəkaçan çıxış və nəticə olsun. Ancaq millidə sabitlik yenə çatışmır. Reallıq budur ki, bütün turnirlərdə autsayderlərdən biri olmuşuq. Düzdür, Monteneqro, Lüksemburq, Kipr bizə uyğun rəqiblər sayılırdı. Kipr bir balaca yaxşı nəticə göstərsəydi, bizim hətta D liqasına düşmək variantımız yaranacaqdı. Bu baxımdan hələ 6 xala sevinməliyik. Çempionatımızın vəziyyətini, futbolçuların ustalıq səviyyəsini nəzərə alsaq, yığmadan uğur gözləmək sadəlövhlük olardı. Bu dəfə yeni oyunçulara da şans verildi. Ümid edək ki, onlar növbəti seçmə mərhələdə özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Sözsüz ki, dünya çempionatının seçmə mərhələsi çox çətin olacaq. Orada da autsayderlər sırasında qərarlaşacağıq. Uzağı bir qələbəyə və ya bir neçə heç-heçəyə sevinə bilərik. Çünki bu oyunla və heyətlə böyük nəticə gözləmək yersizdir. Baş məşqçinin kimliyinin bunda bir fərqi yoxdur. Ən azı oyunu təkmilləşdirmək olar. Uğurlu nəticə olsa belə, bu, təsadüf nəticəsində qazanılar. Bəzi yığmaların bu tip nəticələri göstərir ki, bizə təsadüfi uğur lazım deyil. Ölkədə futbola ayrılan vəsaiti nəzərə alsaq, futbolumuz daha yüksək səviyyədə olmalıdır. Sabit oyun göstərmək lazımdır ki, uğur da daimi olsun. Təəssüf ki, 30 ildir bunu müşahidə edə bilmirik”.

İlkin Vaqifoğlu (Sportinfo.az saytının baş redaktoru): “Altı tura cəmi 6 xal toplayan komandanın baş məşqçisi, yəqin ki, bundan nə razı, nə də narazıdır. Canni de Byazi bura başqa məqsədlə gəlməyib. O, özündən əvvəlkilər kimi yalnız pul qazanmaq fikri ilə Azərbaycana ayaq basıb. Hər halda, Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarandan sonra daha iddialı və daha gəlirli yerlərdən dəvət alacağını gözləyən, lakin ötən 3-4 il ərzində iş tapmayan italyan üçün Azərbaycan, böyük ehtimalla, son “dayanacaq”dır. Həm yaşı çoxdur (64), həm də burada uğur əldə etmək şansı 1 faizdir. O, bunu bildiyi halda, millimizdə fəaliyyət göstərməyə razılaşıbsa, heç şübhəsiz, karyerasını riskə atmasını göz önünə alıb. Peşəkar məşqçilik həyatında son akkordlarını vurmasını bilən de Byazi belə bir məqamda yüksək gəlir götürmək istəyir. Ona görə də Azərbaycandan bərk-bərk yapışıb və burada özünü Albaniyadakı kimi rahat hiss etmir. AFFA-dan işinə qarışırlar. Deyəsən, pula hərisliyini bizim futbol funksionerləri ilk günlərdən hiss ediblər və “zəif damar”ını tutublar. Heyət seçimindən bunu görmək olar. Bir neçə futbolçu var ki, məhz AFFA rəsmilərinin təkidi və təsiri ilə milliyə cəlb olunub. Normalda de Byazi onları götürməzdi, amma indi məcburdur. Bu da istər-istəməz millidəki atmosferə, oyuna, nəticəyə təsir edir. O, kimlərisə AFFA-nın sözüylə yığmaya götürmür, kimlərisə isə əksinə, aldığı təlimata əsasən, çağırır. Belə yerdə hansısa ciddi iddia gözləməyə dəyməz. Düzdür, koronavirus pandemiyasını, de Byazinin ilk oyundan cəmi 5-10 gün qabaq komandanı birinci məşqə çıxarmasını və digər məqamları xatırlamaq olar. Amma bu problem yalnız Azərbaycan yığmasına aid deyil,  bütün dünya bundan əziyyət çəkir.

İtalyan Millətlər Liqasını eksperiment meydanı olaraq gördü. Hər turdan əvvəl yığmaya yeni-yeni futbolçular çağırdı və demək olar ki, bütün oyunlarda fərqli heyətləri meydana buraxdı. Görünür, AFFA ondan bu yarış üçün konkret nəsə istəməyib. Yəni deməyib ki, qrupda birinci yeri tutmasaq, gedəcəksən. Və ya ikinci olmasaq, 1+2 illik müqaviləsinə vaxtından əvvəl xitam verəcəyik. Belə başa düşürəm ki, AFFA-nın bütün yüngülvari arzuları qarşıdakı dünya çempionatının seçmə mərhələsi ilə bağlıdır. De Byazinin DÇ-2022-yə fokuslanıb-fokuslanmadığını isə deyə bilmərəm. İstənilən komanda baş məşqçinin sifətidir. Bizim komanda isə hələ öz sifətini tapmayıb, axtarışdadır. Və çox təəssüf ki, ümidverici nəsə sezmirik. Futbol təkcə qaçmaqdan, mübarizə aparmaqdan ibarət deyil. Hə, nə qədər istəyirsən, qaç. Nə qədər istəyirsən, əzmkarlıq göstər. Nə qədər istəyirsən, pressinq etməyə çalış. Əgər sənin öz üslubun, oyun keyfiyyətin yoxdursa, meydanda rəqibin arxasınca düşməkdən, topu güdməkdən bir şey çıxmaz. De Byazi futbolçularından topu özündə saxlamağı, oyun qurmağı, müdafiə olunmağı tələb edir. Dünən Lüksemburqa qarşı 6 nominal arxa xətt oyunçusunu start heyətinə buraxan, xüsusən də, ilk hissədə tamamilə müdafiəyə qapanan komandamıza az qala 2-3 top vurulacaqdı. Şahruddinin seyvləri olmasaydı, millimiz artıq fasiləyə kimi məğlubiyyətlə barışacaq, ikinci hissədə isə fərq artacaqdı. “Şah”ın qurtarışları oyunun həlledici bölümünün axarını büsbütün dəyişdi. Bu, bir dəfə, uzağı, iki dəfə olsun. Hər dəfə eyni ssenari təkrarlanmır axı. Demək ki, milli heç düz-əməlli müdafiə olunmağı da bacarmır. De Byazi AFFA ilə müqavilə imzaladığı gündən etibarən ancaq pul qazanıb, əvəzində komandaya heç nə qazandırmayıb. Əgər heyəti müəyyənləşdirə bilməyibsə, oyun sistemindən söz açmağa dəyməz. Əgər oyun sistemi yoxdursa, sən hansı qələbə psixologiyasını aşılamaqdan danışa bilərsən? Vaxtilə Karlos Alberto Torres, Berti Foqts, sonra Nikola Yurçeviç bizi öz nağılları ilə yatızdırırdı, indi də de Byazi yuxuya verir”.