10:06 20-11-2020
news_image
179
FUTBOL

5 pillə irəliləyəcək – Azərbaycan millisi

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmaların noyabrın 26-da açıqlanacaq siyahıdakı yerləri bəlli olub.

Hesabat dövründə keçirilən rəsmi xarakterli turnirlərin görüşləri və yoldaşlıq oyunlarının nəticələrinə əsasən cədvəldə bir sıra dəyişikliklər baş verəcək. Bu, Azərbaycan milli komandasından da yan ötməyəcək.

Qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri noyabrda üç matç keçirib. Millətlər Liqasında Monteneqro ilə ev, Lüksemburqla səfər qarşılaşmasına çıxan komandamız Sloveniyada bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Hər üç matç qolsuz heç-heçə ilə nəticələnib. De Byazinin yetirmələrinin bəxti onda gətirib ki, rəqiblərin hamısı FİFA reytinqində daha yüksək pillədə qərarlaşıb. Bu da komandamızın xeyrinə işləyib.

Baş tutan üç oyun yığmamızın xal hesabını artırması ilə nəticələnib. Ötən reytinqdə 1175 xala malik millinin aktivində artıq 1180 xal var. Yeni reytinqdə yığmamız 109-cu pillədə qərarlaşacaq.

Bu, ötən ayla müqayisədə 5 addımlıq irəliləyiş deməkdir. Oktyabrda 114-cü olan Azərbaycan millisi yeni siyahıda 109-cu sıranı eyni xala malik Estoniya ilə bölüşəcək.

Yığmamız Afrika təmsilçiləri Niger, Mərkəzi Afrika Respublikası, Liviya, , həmçinin Tailandı keçən komandamız Estoniyaya çatacaq.

Qeyd edək ki, 210 yığmanın yer alacağı cədvəlin ilk “üçlüy”ündə dəyişiklik olmayacaq. Belçika 1780, Fransa 1755, Braziliya 1743 xalla hamıdan öndə qərarlaşacaq. 1487 xala malik Türkiyə bir pilləlik irəliləyişlə 32-ci olacaq.