16:02 20-11-2020
news_image

Orxan Səfərov: “Bu çəkinin ağası onlardır” - MÜSAHİBƏ

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Orxan Səfərovun (66 kq) apasport.az saytına müsahibəsi

- Azərbaycan Ordusunun zəfər qazandığı bir dönəmdə ilk dəfə Avropa çempionu olmağınız bu uğuru sizin üçün xüsusiləşdirmir?
- Əlbəttə ki, Azərbaycanın döyüş meydanındakı qələbəsindən sonra çox sevincli idim. Mən də çempion olmaq və bunu Ordumuza həsr etmək istəyirdim. Şükür Allaha, alındı. Çempionluq mənə ikiqat sevinc bəxş etdi. Xalqımıza qələbə yaraşır. İndiki dönəmdə Avropa çempionluğunun önəmi mənim üçün ikiqatdır.

- Azərbaycan yığması 3 il idi ki, Avropa çempionatında qızıl medal qazana bilmirdi. Bu turnirdə ən çətin görüşünüz hansı oldu?
- Doğrudur, millimizin üç il idi çempionluğu yox idi. Dünən bu tilsimi qırmaq məndə alındı. Hansısa görüşü xüsusi qeyd etmək istəməzdim. Çünki hamısı çətinliklə keçdi. Avropa çempionatı zəif olmur, güclü cüdoçuların hamısı gəlmişdi. Əsasən də, 66 kq ən çətin çəkilərdən biri idi.

- Avropa çempionatı hələ davam edir. Yığmada başqa kimdən medal gözləmək olar?
- Yarış davam edir, hələ iki gün vaxt var. Komandamızın bütün üzvlərindən medal gözləyirik. Çünki hamı hazırdır, komandamız yaxşı vəziyyətdədir. Ümid edirəm ki, bu gün də, sabah da medallarımız olacaq.

- Bu, 66 kq çəki dərəcəsinə keçəndən sonra ilk böyük uğurunuzdur. 60 kq-da döyüşdüyünüz zaman çəki azaltma hansısa problem yaradırdı?
- Çəki salanda adam taqətdən düşür. 60 kq-a düşəndə 7-8 kq çəki azaldırdım, özümə gələ bilmirdim. Yarışın səhəri günü bərpa olunmağım çətinləşirdi. Amma 66 kq-da belə problem yaşamıram. Çəki salmadığın vaxtlar yarışa çıxanda da özünü gümrah hiss edirsən və tam hazır olursan.

- Buna qədər Avropa çempionatında 2 gümüş, 1 bürünc medal əldə etmişdiniz. Həmin yarışlarda çempionluğa nə mane olurdu?
- Hər iki finalda önə keçsəm də, sonda məğlub olmuşam. Bu dəfə hesabda geri düşmüşdüm, amma qalib gəldim. Açığı, çempionluğa nəyin mane olduğunu bilmirəm. Həmin vaxtlarda da yaxşı çıxış edirdim, qızıl medal qazana bilərdim. Sevinirəm ki, bu dəfə hər şey yaxşı alındı.

- Finalda uduzmaq sindromu budəfəki həlledici döyüşdən əvvəl sizdə psixoloji baxımdan gərginlik yaratmırdı?
- Düzü, bu haqda heç fikirləşmirdim də. İnsan belə şeyləri gözü önünə gətirəndə psixoloji cəhətdən motivasiyası aşağı düşür. Sadəcə, dünən mənim günüm idi. Qismətimdə məhz bu turnirdə qızıl medal qazanmaq var imiş.

- Yığmada 66 kq-da əsas rəqibiniz Nicat Şıxəlizadədir və reytinqdə də sizdən öndədir. Tokio Yay Olimpiya Oyunlarına yollanmaq uğrunda onunla rəqabət necə gedəcək?
- Kim güclüdürsə, o da Olimpiadaya gedəcək. Hələ dəqiq heç nə bilinmir. Yarışlarımız davam edir.

- Tokio-2020-nin növbəti ilə keçirilməsini hansınız üçün əlavə üstünlük saymaq olar?
- Düşünürəm ki, Olimpiadanın gələn ilə keçirilməsi mənim üçün çox yaxşı oldu. Yaxşı ki, Tokio-2020 gələn ilə təxirə salındı. Çünki vaxt çox az qalmışdı. Ancaq indi kifayət qədər zamanımız var.

- Avropanın ən güclüsü olan Orxan Səfərovun dünyada ən böyük rəqibi kimi saymaq olar? Yəni 66 kq-ın ağası kimdir?
- Konkret ad çəkmək, kimisə fərqləndirmək çətindir. Hamısı güclü rəqibdir. Bir gün sən, bir gün başqası qalib gələ bilər. Ancaq bu çəkinin ağası, əlbəttə ki, yaponlardır. Onlar ən güclülərdir.

- Qitə birinciliyindən sonra özünüzü Olimpiada və dünya çempionatında qızıl medal qazanmağa hazır sayırsınız? Yəni əsas rəqiblər saydığınız yaponları üstələmək iqtidarındasınız?
- Dünya və Olimpiada çempionluğu üçün hələ çox tezdir. İlk növbədə kimin yarışa yollanacağı hələ bilinmir. Bizim üzərimizə düşən dayanmadan məşq etmək, hazır olmaqdır. Əgər Olimpiadaya getsəm, təbii ki, çempion olmağa çalışacağam. O ki qaldı yaponlara, yenilməz insan yoxdur. Hamısına güc çatdırmaq olar.