13:26 24-11-2020
news_image
300
FUTBOL

“Builki finalda sürprizimiz əvvəlkiləri geridə qoyacaq” - Ramin Musayev

“Əgər çatdırmaq mümkün olarsa, bu mövsüm kubokun finalını Qarabağda keçirmək istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

AFFA-nın inzibati binasında təşkil olunan Azərbaycan kubokunun püşkatma mərasimindən sonra çıxış edən Musayev Qarabağda çıxış etməyin mümkün olmayacağı təqdirdə, Bakıda oynayacaqlarını istisna etməyib: “Qarabağda alınmasa, finalı Gəncədə keçirmək istərdik. Amma Gəncə arenasının indiki durumu buna imkan vermir. Əgər həmin vaxta qədər hazır olarsa, həlledici görüşü Gəncədə də təşkil edə bilərik. Ancaq indiki durumda alternativ yer kimi, “Sabah”ın stadionu olan “Bank Respublika Arena”nın adını qeyd edə bilərəm”.

Musayev həlledici qarşılaşmada böyük sürpriz edəcəklərini vurğulayıb: “Builki final oyunundakı sürprizimiz əvvəlkiləri geridə qoyacaq. Böyük zəfərdən sonra biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qurum rəhbəri əlavə edib ki, gələn il mayın 28-də keçiriləcək ölkə kubokunun final qarşılaşmasının azarkeşlərlə təşkilinə çalışacaqlarını əlavə edib: “Futbol azarkeş üçün oynanılır. Güləş və ya başqa bir idman növü olsaydı, yola vermək olardı. Futbolçu azarkeşi görəndə daha ürəklə çıxış edir. Kubokun final matçı isti havalara düşəcək. Ümid edirəm ki, hər şey yaxşı olar, finalı azarkeşlərlə keçirərik. İnanıram ki, tam başqa sürprizlərimiz olacaq”.