22:05 24-11-2020
news_image
197
DİGƏR NÖVLƏR

Dörd idmançı və bir həkimi diskvalifikasiya etdi - AMADA

Azərbaycanın daha dörd idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, 1 karateçi, 1 boksçu və 2 taekvondoçu diskvalifikasiya olunub. 

Onlar arasında ən yüngül cəzanı Fidan Dadaşova alıb. Karateçidən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr – furosemid tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. Dadaşovanın diskvalifikasiya müddəti 2020-ci il fevralın 27-dən hesablanmağa başlanılıb.

Boksçu Kamran Muradovun cəzası 48 ay olacaq. O, ekzogen (AAS), anabolik androgen steroidlər və metasterondan istifadədə günahlandırılır. Muradov 2024-cü il yanvarın 14-də rinqə qayıda biləcək. 

Taekvondoçular - Ofelya Allahverdiyeva ilə Nigar İbrahimova müvafiq olaraq, 48 ay və 24 ay dayanq üzərinə çıxmaqdan məhrum ediliblər. Allahverdiyevanın cəzalanmasına səbəb diuretiklər və gizlədici maddələr – furosemiddən istifadədir. Onun diskvalifikasiya müddəti 2024-cü il fevralın 24-də yekunlaşacaq. 

İbrahimova da eyni maddədən istifadədə günahlandırılıb. Nigarın cəza müddəti 2020-ci il sentyabrın 3-dən hesablanmağa başlanılıb. 

Həmçinin ağır atletika üzrə həkim Xalid Qüdrətov da diskvalifikasiyaya məruz qalıb. O, hər hansı yarışdan kənar müddətdə idmançıya hər hansı qadağan edilmiş maddə, yaxud qadağan edilmiş üsulu tətbiq etmək və ya tətbiq etmək cəhdinə görə cəzalanıb. 48 aylıq diskvalifikasiya olunan Qüdrətov 2024-cü il fevralın 13-də işinə qayıda biləcək. 

Qeyd edək ki, AMADA daha öncə 58 idmançımıza cəza tətbiq edib.