22:24 24-11-2020
news_image
181
FUTBOL

Türkiyə Super Liqası dayandırıla bilər – qərarı klublar verəcək

Türkiyə Super Liqası birinci dövrədən sonra dayandırıla bilər.

Apasport.az saytının məlumatına görə, bu, çempionat iştirakçılarının ümumi qərarından asılı olacaq.

Türkiyə Futbol Federasiyası (TFF) koronavirus pandemiyası səbəbindən ikinci dövrədən etibarən 14-dən az sağlam futbolçusu olan komandanın meydana çıxmamasını və texniki məğlubiyyət almasını təklif edib. Bu, Klublar Birliyinin iclasından sonra veriləcək qərara əsasən qüvvəyə minəcək.

Əgər klub rəhbərləri müsbət cavab versə, o zaman yanvarın 24-dən sonrakı matçlarda bu qayda tətbiq olunacaq. Toplantıdan çıxan qərar TFF-nin təklifinə zidd olarsa və koronavirusa yoluxma sayı komandalarda kütləvi hal alarsa, çempionat dayandırılacaq.

Qeyd edək ki, cari mövsüm Super Liqada 9 tur geridə qalıb və komandalarda indiyə qədər 60-a yaxın koronavirusa yoluxma faktı aşkarlanıb.