21:58 25-11-2020
news_image
191
FUTBOL

“İstəyərdim Rəşad Sadıqovu ürəkdən qucaqlayım” - Qurban Qurbanov

"Hər iki komanda üçün vacib oyundur. Bizim xalımız yoxdur, çox istərdik ki, qalib gələk. Amma biz "Sivasspor"un gücünü ilk oyunda gördük”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin “Sivasspor”la ev oyunu öncəsi mətbuat konfransı keçirib. Qurbanov sabah İstanbulda keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Bu oyuna daha yaxşı hazırlaşmışıq. Sadəcə əlimizdə futbolçuların sayı azdır, bir neçə futbolçum bu oyunda iştirak edə bilməyəcək. Hər halda, çalışmalıyıq ki, yaxşı oyun göstərək və qalib gələk. Futbolçularıma güvənirəm”.

O, bu gün Kəlbəcərin işğaldan azad olunmasına da münasibət bildirib: “Neçə illər "Qarabağ"ın və milli komandamızın kapitanı olmuş Rəşad Sadıqov kəlbəcərlidir. Bu məsələyə mütləq toxunmalıyam. Kəlbəcərin işğalçılardan azad olunması münasibəti ilə ilk olaraq onu təbrik edirəm. Onun bu gün nə qədər sevincli olduğunu bilirəm. İstəyərdim Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm".