15:08 27-11-2020
news_image
1255
FUTBOL

“UEFA-nın ermənilərlə bağlı sərt mövqe bildirməməsi status-kvonun qorunmamasına işarədir” - hüquqşünas

“Bu qərardan UEFA-nın Apelyasiya və İdman Arbitraj Məhkəməsinə şikayət etmək mümkündür. Bildiyim qədərilə “Qarabağ” klubu bununla bağlı mümkün olan addımı atmağı planlaşdırır”.

Bunu apasport.az saytına hüquqşünas Şamil Paşayev deyib.

O, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımı səbəbindən UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılmasına, həmçinin Ağdam təmsilçisinin 100 min avro məbləğində cərimələnməsinə münasibət bildirib. Paşayev xüsusi qeyd edib ki, UEFA bu məsələyə birtərəfli yanaşmayıb və çox sərt cəza verib.

Onun sözlərinə görə, Vətən müharibəsinin gedişi zamanı ermənilər bu sahədə daha aqressiv paylaşımlar edirdilər. Hüquqşünas Ermənistan yığmasının kapitanı Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryanın qondarma Dağlıq Qarabağın xəritəsini və bir sıra beynəlxalq hüquqa zidd olan iddialarını xatırladıb. O vurğulayıb ki, əgər Avropanın ali futbol qurumunda işləyən biri ilə bağlı tənbeh qərarı çıxarılıbsa, Nurlan İbrahimovla bağlı da eyni addım atıla bilərdi. Çünki ən azı “Qarabağ” rəsmisi də paylaşımını sonradan silərək, düşmənin Gəncə və Bərdədə mülki şəxslərə qarşı törətdiyi terrorla bağlı emosional vəziyyətində status yazdığını etiraf edib.

Paşayev UEFA-nın qərarında hüquqa zidd bir sıra amillərin olduğunu vurğulayıb: “UEFA-nın bayrağı altında keçirilən yarışlar olduğundan, bu, quruma aid olan məsələlərdir. Sözsüz ki, FİFA və digər beynəlxalq idman təşkilatlarının təsiri yoxdur. Lakin UEFA Nurlan İbrahimovun FİFA bayrağı altında keçiriləcək yarışlardan uzaqlaşdırılması ilə bağlı ali futbol qurumuna da müraciət ünvanlayıb. Nəzərə almaq lazımdır ki, eyni halla bağlı erməni futbolçuları və futbol nümayəndələrinin paylaşımlarına hər hansı bir reaksiya göstərilməyib. Xüsusən də, Henrik Mxitaryan və onun UEFA-da işləyən bacısının paylaşımlarına qurum analoji reaksiyanı bildirmədi. Hətta AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun işə qarışmasından sonra bir neçə erməni futbolçu və rəsmilər yazdıqlarını silməklə canlarını cəzadan qurtardılar. Monteneqro Futbol Federasiyası Ermənistanın “Alaşkert” klubunun qapıçısı olan həmyerliləri Andriya Draqoyeviçin sosial şəbəkələrdəki paylaşımının onların mövqeyi ilə üst-üstə düşmədiyini açıqlayıb. Halbuki digərləri kimi, UEFA-nın Draqoyeviçlə də bağlı sərt mövqe bildirməməsi status-kvonun qorunmamasına işarədir. Həmçinin “Qarabağ” klubu mətbuat katibi ilə mövqeyinin üst-üstə düşmədiyini də rəsmi şəkildə bəyan edib. Həmin fikri komandanın mövqeyi və rəyi kimi ifadə etmək olmaz. Düşünürəm ki, məhz bu səbəblərə əsasən Nurlan İbrahimova verilən cəza çox sərtdir. Daha yumşaq cəza vermək, ən pis halda müəyyən müddətə futboldan kənarlaşdırmaq olardı. Başqa formada cəzanın verilməsi də mümkün idi. Yəqin ki, apelyasiyaya müraciət etməklə bu məsələ öz həllini tapacaq. Mən bir hüquqşünas kimi buna ümid edirəm”.

Paşayevin sözlərinə görə, hüquq ədaləti bərpa etməyə, insanların islah edilməklə cəmiyyətə qazandırılmasına yönəldilməlidir: “Bundan insanları tamamən məhv edilmək üçün istifadə olunmamalıdır. Cəza sosial ədaləti bərpa etməyi, insanların islah olunması üçün cəmiyyətə fayda verməsinə hesablanmalıdır. Bu cür – haqsız cəzalar olan halda isə məqsədə çatmaq qeyri-mümkündür, cəmiyyətə insan qazandırmaq prinsipləri pozulur. Həmin şəxs bəzən məhv də olur”.