10:30 01-12-2020
news_image
390
TOP OYUNLARI

Azərbaycan yığması üçün yeni şans – dünyanın ən güclü “altılığ”ında

2021-ci ildə keçiriləcək FİVB Çelenc kubokunun meydan sahibləri və təsnifat sistemi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, kişilər Xorvatiyanın Zadar, qadınlar Portuqaliyanın Qondomar şəhərində mübarizə aparacaq.

Hər iki turnir gələn il iyunun 30-dan iyulun 4-dək keçiriləcək. Yarışda 6 komanda mübarizə aparacaq.

Meydan sahibləri turnirə birbaşa qatılmaq hüququna malikdir. Qızıl Avropa Liqasının 2021-ci il mövsümünün finalçıları da FİVB bayrağı altında təşkil olunacaq yarışa vəsiqə əldə edəcək.

Digər üç iştirakçı isə reytinqə əsasən müəyyənləşəcək. Həm kişi, həm qadınlarda bu yerlərdən biri Şimali Amerika və Karib dənizi hövzəsi (NORSECA) təmsilçisinin olacaq.

Digər iki yer isə fərqli şəkildə bölüşdürüləcək. Qadınlarda yerlərdən biri Asiya, digəri Afrika ilə Cənubi Amerikadan birini təmsil edəcək. Kişilərdə isə bir yer Afrikanın, digəri Asiya ilə Cənubi Amerikadan birinə nəsib olacaq.

Azərbaycan turnirdə yalnız qadınlarda təmsil oluna bilər. Qızıl Avropa Liqasında çıxış edən millimiz uğur qazansa, turnirə vəsiqə qazanacaq. Kişilərdən ibarət millimiz Gümüş Avropa Liqasında oynayacağından FİVB Çelenc kubokuna qatılmaq şansından məhrumdur.