23:15 02-12-2020
news_image
254
FUTBOL

“Qarabağ”da koronavirus testinin son cavabları – daha bir yoluxma

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Mahir Emrelidə testin nəticəsi pozitiv çıxdığı üçün Türkiyəyə aparılmayıb.

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib. Müdafiəçidə də koronavirus aşkarlanıb. Daha öncə isə baş məşqçi Qurban Qurbanov və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovda testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüblər.

Millinin düşərgəsində koronavirusa yoluxan kapitan Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən digər müdafiəçi Rahil Məmmədovun isə dünən verdiyi koronavirus testinin nəticəsi neqativ çıxıb və o, Türkiyəyə gedərək komandaya qoşulub.

Yığmadan qayıtdıqdan sonra koronavirusa yoluxan daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğun üçün "Makkabi" ilə oyunun heyətinə cəlb edilməyib.

Qeyd edək ki, dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.