12:17 05-12-2020
news_image
135
FUTBOL

Yunis Hüseynov: “3 turu gələn il hansısa bir vaxta salmaq olar” - MÜSAHİBƏ

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov sport24.az-a müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, komandasının hazırkı durumundan və əziyyət çəkdikləri koronavirus pandemiyasından danışıb. 

- Məşqlərimizi hələ ki dayandırmışıq. Gələn həftənin ilk günündən bərpa etmək istəyirəm. Ancaq belə götürəndə, hazırda sağlam futbolumuz çox azdı. Onlarla həftənin birinci günündən fikrim var ki, komandanı yığım. 

- Koronavirusdan əziyyət çəkən futbolçularınızla bağlı vəziyyət necədir?
- Məşqçiylə birgə say 12 nəfərdir.

- Hansı köməkçinizdir?
- Zaur İsmayılov. Futbolçular arasında yerlilər Kamal Bayramov, Tural Axundov, Turan Vəlizadə, Rafael Məhərrəmli, Tərlan Quliyev, Rail Məlikov, Rəşad Sadiqov, legionerlər Miyuşko Boyoviç, Stanislav Namaşko, Sezar Meza Kolli, Con Kamara buna yoluxub. Şəhriyar Əliyevlə Rəhman Hacıyevin daha əvvəl bu problemləri olub, təkrar test veriblər. Onlar bunu yeni yoluxanlarla birgə etmirlər, ayrı verirlər. 

- "Korona" məşqçilərə də keçir. Bəs, özünüz necə qorunursunuz?
- Mən də məşq prosesində futbolçularla ünsiyyətdə oluram. Ancaq sosial məsafəyə həmişə diqqət yetirirəm. Bir də qoruyucu maskada oluram. Hamıya da tapşırmışdım ki, bunda olsunlar. Düzdür, futbolçular məşq prosesində maskada olası deyillər. Amma çalışırdıq ki, məşqçilər, texniki personal hamısı maskada olsun. Allaha qurban olum, bu xəstəlik elədi ki, bir də görürsən indi tutmur, sonra üzə çıxır. Şükürlər olsun ki, futbolçularda immunitet güclü olduğundan, yəqin, o dərəcədə təsir göstərmir. Çalışırıq özümüzü qoruyaq. Allah hamıya şəfa versin!

- Özbək yarımmüdafiəçiniz Şahrux Qadoyevin gedişini necə şərh edərdiniz?
- Bəli, onunla müqaviləni ikitərəfli pozduq. Pis futbolçu deyildi. Amma zədələndi, hələ ilk turda "Sumqayıt"la matçda. Xaçvari bağları qırıldı, onu müalicə elədik. Ancaq sağalmırdı zədəsi və ona görə də məcbur olduq müqaviləni ikitərəfli pozaq. Onu deyim ki, Qadoyevin müalicəsiylə mütəmadi məşğul olmuşuq. Amma əfsuslar olsun ki, müsbət effekt vermirdi. 

- Koronavirusla bağlı indiki vəziyyətdə bu il üçün qalan 3 turun keçirilməsini məqbul sayırsınız, yoxsa..?
- Oynayıb qurtarsaq, daha yaxşı olar. İnşallah, bu ayın axırına futbolçular düzələr, yoluxma sayı azalar, bütün komandalar yanvarda məşqlərinə başlayıb daha yaxşı hazırlaşarlar. Ancaq birinci sağlamlıqdı. Futbolçuların sağlamlıqları daha önəmlidi. Hamının ailəsi, uşağı var. Xəstəlik artsa, bu virusu ailələrinə yoluxdursalar, lap pis olar. Belə düşünürəm ki, bu 3 turu gələn il keçiriləcək çempionatda hansısa bir vaxta salmaq olar. Ancaq indi saxlayanda da komandalar üçün 1 aylıq fasilə olur. Yanvarın 5-dən hamı məşqlərə başlayır. Təbii ki, inşallah, hər şey yaxşı olsa. Belə vəziyyətdə ikisinin arasında qalırsan. Keçirilsə, daha yaxşıdı, ancaq əsas sağlamlıqdı.