12:32 06-12-2020
news_image
234
FUTBOL

Azərbaycan millisi ili necə başa vuracaq? – FİFA reytinqində

2020-ci ilin son FİFA reytinqi dekabrın 10-da açıqlanacaq.

Apasport.az saytının məlumatına görə, sonuncu dəfə noyabrın 26-da dərc olunan cədvəldən cəmi 14 gün keçəcəyindən və hesabat dövründə yığma səviyyəli oyunların sayının minimuma bərabər olması ciddi dəyişikliklər vəd etmir.

Bu, artıq indidən açıqlanan ehtimallar cədvəlinə əsasən bəllidir. Siyahıda ümumilikdə bir neçə yerdəyişmə gözlənilir. Gələn həftə Qətər 58-ci olan Burkina Fasoya çatacaq, Cibuti və Dominika Banqladeşi keçərək sonuncuları 186-cı sıraya göndərəcək.

Hesabat dövründə heç bir oyun keçirməyəcək Azərbaycan millisinin də xalı və mövqeyi dəyişməz qalacaq. Ötən ay 1180 xalla dünyanın 109-cu olan Canni de Byazinin yetirmələri eyni pillədə qərarlaşacaq. Estoniya ilə şərik olan yığma yenə Baltikyanı ölkə təmsilçisi ilə eyni pillədə yer alacaq.

Qeyd edək ki, Belçika (1780), Fransa (1755) və Braziliya (1743) 2020-ci ili ilk “üçlük”də, qardaş Türkiyə (1487) 32-ci sırada bitirəcək.