12:45 07-12-2020
news_image
198
FUTBOL

Şohrux Qadoyev: “Yunis Hüseynov şans verməyəcəyini dedi” – MÜSAHİBƏ

Noyabrın son günündə “Keşlə”dən ayrılan özbəkistanlı yarımmüdafiəçi Şohrux Qadoyevin apasport.az saytına müsahibəsi

- “Keşlə” ilə mövsümün sonuna qədər müqaviləniz olsa da, sözləşməyə xitam verildi. Ani ayrılmağınızın səbəbi nə oldu?
- Premyer Liqanın hələ ilk turunda ciddi zədə aldım, ay yarım oynamadım. Ardından bir müddət xəstələndim. Baş məşqçi Yunis Hüseynov da sonra bildirdi ki, onun sisteminə uyğun oyunçu deyiləm. Klub prezidentinin yanında bildirdi ki, daha mənə şans verməyəcək. Hətta 100 faiz hazır olsam da, oynamayacağımı dedi. Belə bir vəziyyətdə orada necə qala bilərdim? Futbolda həmişə zədə ön planda olur. Zədələndinsə, sağaldıqdan sonra əsas heyətdəki yerini qaytarmaq çətin olur. Üstəlik, baş məşqçi də haqqında bu cür düşünürsə, artıq orada gələcəyin ola bilməz. 

- Bəs klub prezidenti Zaur Axundov bununla bağlı nə dedi?
- Prezidentimiz əla insandır. Heç vaxt onunla problemim olmayıb. Hər zaman bizi həvəsləndirməyə çalışır, oyundan əvvəl motivasiya verirdi. Hətta zədələndiyim vaxt da mənə dəstək vermişdi. Ancaq baş məşqçinin sözlərindən sonra Zaur müəllim bir müddət düşündü və yolların ayrılmasının hər iki tərəf üçün daha yaxşı olacağını söylədi.

- Klubun sizə borcu qaldımı?
- Bəli. Sonuncu dəfə avqustda maaş almışam. Təkcə mən yox, ümumiyyətlə, “Keşlə”nin bütün futbolçuları 3 aydır pul almırlar. Artıq ay yarımdır ayrılmışam, amma hələ borcu qaytarmayıblar. 

- Bu barədə rəhbərliklə görüşünüz olub?
- Ayrılanda mənə dedilər ki, sənə olan borc ödəniləcək. Özbəkistana qayıtmaq istəyirəm, amma pulu vermədikləri üçün gedə bilmirəm. Bu üzdən ay yarımdır Bakıda gözləyirəm. Hər dəfə “ödəniləcək” deyirlər, amma hələ bir şey yoxdur.

- Vəziyyət nə vaxta qədər belə davam edəcək?
- Bilirəm ki, FİFA-ya şikayət etmək haqqım var. Amma bunu etmək istəmirəm. Rəhbərliklə yaxşı münasibətim var, bunun pozulmasını istəmirəm. “Tələsmə” deyirlər, ancaq ay yarım da uzun müddətdir.

- Maraqlıdır, borc nə qədərdir?
- Normal məbləğdir. Klub nə qədər ödəməli olduğunu yaxşı bilir. Vaxt gedir, mən isə gözləyirəm.

Ruslan Sadıqov