09:02 08-12-2020
news_image
176
FUTBOL

“Həyəcanverici qrupa düşmüşük” - İrlandiya yığmasının baş məşqçisi

“Beş komandalı qrupa düşməyimiz martdakı üç oyun pəncərəsi zamanı üç matç keçirməyəcəyimiz deməkdir. Bu da müsbət haldır”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stefan Kenni DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Azərbaycan millisinin A qrupundakı rəqiblərindən olan irlandların çalışdırıcısı qarşılaşacaqları komandaları dəyərləndirib: “Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya böyük futbol ənənəsinə sahibdir. Lüksemburq olduqca inkişaf etmiş komandadır. Həmçinin Azərbaycan da. Həyəcan vericiqrupa düşmüşük”.

Kenni turnirə start götürəcəkləri marta qədər daha güclü kollektiv formalaşdıracaqlarını düşünür: “Bu seçmə mərhələ yeni bir yarış olacaq. Düşünürəm ki, marta qədər bir çox oyunçumuz hazır vəziyyətdə olacaq. Bu da müsbət məqamdır. Son iki ayda 10 futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Təcrübəli futbolçularımızı da onlara əlavə etsək, martda komandamızın daha da güclü olacağını demək olar. Bizim üçün gözlənilməz qrup olmadı. Ümid edirəm ki, koronavirus pandemiyası dönəmində irəliləyişə nail olacağıq və fantastik azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq”.

Qeyd edək ki, A qrupunda İrlandiya, Azərbaycan, Portuqaliya, Serbiya və Lüksemburq yığmaları mübarizə aparacaq.