12:33 08-12-2020
news_image
116
FUTBOL

“Desək ki, onlardan güclüyük, real olmaz” – millimizin məşqçisi

“Çətin qrupdur. Əslində 6 komandalı qrupa düşməyi istərdik”.

Bunu apasport.az saytına Azərbaycan millisinin məşqçisi Arif Əsədov DÇ-2022-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis yığmamızın yer aldığı A qrupu ilə bağlı fikirlərini bölüşüb. O, rəqiblərdən xal almaq gücünə malik olduqlarını düşünür: “Etiraf edək ki, rəqiblərin hamısı reytinqdə bizdən yüksəkdədir. Ancaq vaxtilə üz-üzə gəldiyimiz bu komandaların hər birindən xal almışıq. Yalnız İrlandiya bizim üçün yaddır. Yığmamız bu komandalardan xal almaq iqtidarındadır. Vaxtımız var, rəqibləri təhlil etmək, yaxşı hazırlaşmaq və uğurlu nəticələr qazanmağa çalışmaq lazımdır”.

Əsədov 5 komandalı qrupda iki rəqibi üstələmək iqtidarında olduqlarını söyləyib: “Reallıq göz önündədir. Qrupda Portuqaliya, Serbiya, İrlandiya kimi komandalar var. Desək ki, onlardan güclüyük, real olmaz. Fikrimcə, 3-cü yerə iddia eləmək olar. Ancaq unutmayaq ki, futbolda hər şey mümkündür. Yığmamızın son matçlarında irəliləyiş var idi. Baş məşqçi də zəif və güclü cəhətləri bilir. Rəqibləri təhlil etdikdən sonra oyunlara xal və ya xallar qazanmaq üçün çıxacağıq. Biz məşqçilər olaraq komandamıza inanırıq. Futbolçularımız da öz güclərinə inanmalıdırlar. İnam olan yerdə uğur əldə etmək olar”.

Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.