13:41 08-12-2020
news_image
185
FUTBOL

Rəşad Sadıqovun əlçatmaz “31”i - bombardirlərimizdən üç qol

Dünya çempionatının seçmə mərhələsinin püşkatması ilə Azərbaycan millisi növbəti mundial yolçuluğunun astanasına qədəm qoydu.

Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 7-ci dəfə planetin ən nüfuzlu idman yarışına vəsiqə üçün mübarizəyə gələn il start verəcək.

Baş məşqçi Canni de Byazinin Qətər-2022-yə vəsiqə ilə bağlı xəyallarının gerçəkləşməsi martda başlamalıdır. Noyabrda başa çatacaq seçmə mərhələdə millimiz 8 oyuna çıxacaq.

Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla görüşlərə qədər komandamız 58 matça çıxıb. Azərbaycan millisinin dünya çempionatlarının seçmə mərhələlərindəki rekordçusu Rəşad Sadıqovdur. Sabiq kapitan mundial yolunda 31 matça çıxıb.

4 müxtəlif tsikldə oynamış müdafiəçi o qədər böyük üstünlüyə malikdir ki, qarşıdakı tsikldə də onu keçən olmayacaq.

DÇ seçmə mərhələsində ən çox oyun keçirən 6 futbolçumuz
1. Rəşad Sadıqov - 31
2. Mahir Şükürov - 26
3. Kamran Ağayev -25
4. Cavid Hüseynov - 21
5. Rahid Əmirquliyev - 19
6. Qurban Qurbanov - 18

6 tsikldə yığmamız 29 qol vurub. Millinin dünya çempionatlarının seçmələrindəki bombardirləri vur-tut 3 qol vurub. Aparıcı yığmaların məhsuldarlığı ilə seçilən üzvlərinin bir oyunda 3-4 qol vurması fonunda millimizin bombardirləri ümumilikdə 3 qola sevinib. Buna da Vaqif Cavadovla Əfran İsmayılov nail olub. Dörd oyunçunun aktivində iki top var. Onlardan da ikisi müdafiəçidir. Rəşad Sadıqovla Ruslan Abışov ən məhsuldar 6 oyunçu sırasındadır.

DÇ seçmə mərhələsində ən çox qol vuran 6 futbolçumuz
1-2. Vaqif Cavadov - 3
Əfran İsmayılov - 3
3-6. Rəşad Sadıqov -2
Ruslan Abışov – 2
Elvin Məmmədov- 2
Vadim Vasilyev - 2