15:52 08-12-2020
news_image
98
FUTBOL

Baş məşqçi postuna daha bir namizəd – rəqibimizdə

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Serbiya yığmasına baş məşqçi axtarışı davam edir.

Apasport.az saytının məlumatına görə, fransalı Ramond Domenekdən sonra Serbiya Futbol Assosiasiyası yerli mütəxəssis Vladan Miloyeviçə də elçi düşüb.

Hətta 50 yaşlı Miloyeviçin hazırkı baş məşqçi Lyubişa Tumbakoviçin yerinə ən real namizəd olduğu bildirilir. Lakin yeganə problem Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun çalışdırıcısının müqaviləsinin davam etməsidir. “Əl-Əhli”də illik məvacibi 2,5 milyon avro olan Miloyeviçlə danışıqlara start verilib.

Serbiyalı məşqçi daha az maaşa Serbiya yığmasının sükanı arxasına keçməyə hazırdır. Ancaq ərəb klubu ilə müqaviləsinin ləğvi üçün yerli assosiasiya 1 milyon avro təzminat ödəməlidir.

Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Lüksemburq və Azərbaycan millisi ilə qarşılaşacaq.