17:12 08-12-2020
news_image
258
FUTBOL

Ən zəif dörd rəqib – De Byaziyə bundan artıq nə lazımdır?

Azərbaycan millisi tarixində dünya çempionatlarının seçmə mərhələlərindəki ən zəif 4 rəqiblə eyni qrupa düşüb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupundakı rəqiblərimizin FİFA reytinqindəki orta mövqeyi 43,75-cidir.

Dünya sıralamasında Portuqaliya 5-ci, Serbiya 30-cu, İrlandiya 42-ci, Lüksemburq isə 98-cidir. Bunadək 6 seçmə tsikldə qüvvəsini sınayan yığmamız bir dəfə indiki kimi 5, digər mərhələlərdə 6 komandalı qrupa düşüb. 

Tsikllərdəki rəqiblərin FİFA reytinqindəki mövqeyinə əsasən gücünü müqayisə etsək, hər mərhələdə 4 ən güclü rəqibin mövqeyinə nəzər salmaq lazımdır. Çünki 5-ci - ən zəif rəqiblər heç də hər tsikldə olmayıb.

Daha güclü dörd rəqibimizin FİFA reytinqinə əsasən indiyədək ən uğurlu püşk DÇ-2006-da idi. Həmin seçmə mərhələdə millimizin rəqib “dördlüy”ünün orta mövqeyi 38,75-ə bərabər olub. Canni de Byazinin baş məşqçisi olduğu hazırkı yığma 5 pillə zəif – daha aşağıda yer alan komandalarla görüşəcək.

Əgər 1-ci səbətdən çıxan Portuqaliya ən güclü rəqiblərdən biridirsə, digər üç komanda barədə bunu söyləmək olmaz. İkinci səbətdən gələn Serbiya dünyanın 30-cusudur. Heç vaxt gücünə görə ikinci olan rəqibimiz belə zəif olmayıb. Elə 4-cü səbətdəki Lüksemburqa da eyni sözləri demək mümkündür. 3-cü səbətdən çıxan İrlandiya da gücü ilə öyünə bilməz. Yalnız DÇ-2006-da 3-cü səviyyəli rəqibimiz – Uels daha zəif olub.

Qeyd edək ki, 4 rəqibə əsasən müqayisəyə görə ən güclü rəqiblər DÇ-2014-də (29,75), DÇ-2010-da (30,25) və DÇ-1998-də (30,50) olub. Digər iki tsikldə isə nisbətən güclü rəqiblərlə qarşılaşmışıq. 2018-də bu rəqəm 31,50, DÇ-2002-də 33,25 olub.

Püşkatma zamanı rəqiblərimizin FİFA reytinqi
DÇ-1998:
Norveç (6), İsveçrə (15), Finlandiya (41), Macarıstan (60)
DÇ-2002: İsveç (16), Slovakiya (20), Türkiyə (33), Şimali Makedoniya (64), Moldova (93)
DÇ-2006: İngiltərə (8), Polşa (24), Uels (58), Avstriya (65), Şimali İrlandiya (118)
DÇ-2010: Almaniya (5), Rusiya (22), Uels (36), Finlandiya (58), Lixtenşteyn (122)
DÇ-2014: Portuqaliya (7), Rusiya (18), Şimali İrlandiya (32), Şimali İrlandiya (62), Lüksemburq (128)
DÇ-2018: Almaniya (2), Çexiya (20), Şimali İrlandiya (37), Norveç (67), San-Marino (192)
DÇ-2022: Portuqaliya (5), Serbiya (30), İrlandiya (42), Lüksemburq (98)