21:21 08-12-2020
news_image

Boks yarışlarında dəyişiklik - Olimpiadada

Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib. 

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunların proqramını müzakirəsi zamanı komitə iştirakçıların sayını azaltmaq barədə qərar qəbul edib. Boksçuların Parisdəki turnirində 252 idmançı mübarizə aparacaq. Bu rəqəm gələn il baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarında 286-ya bərabər olacaq. Parisdə gender bərabərliyi təmin ediləcək. 126 kişi və eyni sayda qadın boksçu rinqə çıxacaq.

Fransa paytaxtında medal dəstlərinin ümumi sayında dəyişiklik edilməyəcək. Ümumilikdə 13 dəst mükafat sahibini tapacaq. Amma Tokio-2020 ilə müqayisədə dəyişiklik reallaşacaq. Yaponiyada kişilər 8, qadınlar 5 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəksə, Parisdə kişilər 7, qadınlar 6 kateqoriyada yarışacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin məlumatında bildirilir ki, boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunacaq. Çəki dərəcələri isə 2021-ci ilin sonuncu rübündə dəqiqləşəcək.

Qeyd edək ki, ümumilikdə Tokio-2020-də 339 medal dəsti oynanılacaqsa, Paris-2024-də bu rəqəm 329-a endiriləcək.