18:04 10-12-2020
news_image
204
FUTBOL

“Maraqlı odur ki, iki turu qısa zamanda keçirmək bizə nə verəcək?” – Ayxan Abbasov

"Yanvara qədər birinci dövrəni tam bitirmək üçün bu qərar verildi. Amma yenə də oyunların 50 faizi tamamlanmayacaq".

Bunu apasport.az saytına "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqasının təqvimində etdiyi dəyişikliyə münasibət bildirərkən deyib.

Komandada son olaraq 16 futbolçunun koronavirusa yoluxduğunu bildirən gənc çalışdırıcı dekabrın 20-nə keçirilən XII tura hazır olacaqlarına tam əmin deyil: "Biz də oyunların təqvimə uyğun keçirilməsini, futbolçuların rahat istirahətə yollanmalarını və fevralda ikinci dövrəyə başlamağı istəyirdik. Ancaq qərara görə, yanvarın sonlarında çempionat bərpa olunmalıdır. İndi bütün planlar dəyişdi. Bu, futbolçulara da ağır olacaq. İndiki vəziyyətdə dözümlü olmalı və bəzi məsələlərdə güzəştə getməliyik".

Baş məşqçi bildirib ki, artıq 10 gündür məşq keçmirlər: "Futbolçuların çoxu hələ də xəstədir. Onlarla müntəzəm əlaqə saxlayırıq. Bu gün test vermişik. Əgər yoluxma 7-dən az olarsa, məşqə başlayacağıq. Əks təqdirdə, qarşıdakı oyunun təxirə salınması üçün PFL-ə müraciət edəcəyik. Futbolçuların sağalması üçün vaxt lazımdır. Dekabrın 20-də oyuna çıxmaq üçün heç olmasa ayın 13-də məşqə başlamalıyıq. 3 gün məşq keçib futbolçunu meydana buraxa bilmərəm. Əvəzedici heyətlə də oynaya bilmərik. Çünki bizdən əvvəl heç bir klub əvəzedicilərlə oynamayıb".

Abbasov hesab edir ki, dekabrdakı matçları yanvara da təxirə salmaq olardı: "Əsas odur ki, hökumətimiz sərt karantin rejimində açıq havada idmana imkan verir. Hazırda isə bütün komandalarda kütləvi yoluxma var. Mənə maraqlı odur ki, qarşıdakı iki turu qısa zamanda keçirmək bizə nə verəcək? Yoluxan futbolçular 14 günlük karantindən sonra necə hazır olacaqlar? İndiki durumda futbolçular ikinci dövrəyə istirahətsiz başlayacaqlar, çoxu ailəsinə baş çəkməyə getməyəcək. Klublar da kimə necə sərf edirsə, o cür danışır. Bu da normaldır. İnanmıram ki, bu gün 16 futbolçusu xəstə olan hansısa komandanın baş məşqçisi oynamaq istəyər".